Dollarla bağlı BƏDBİN PROQNOZ - İlin birinci rübündə...

Dollarla bağlı BƏDBİN PROQNOZ - İlin birinci rübündə...

ABŞ-nin nəhəng banklarından olan “Bank of America” və “BNP Paribas” dolların məzənnəsində 2023-cü ildə gözlənilən dəyişikliklə bağlı proqnozlarını açıqlayıblar. 


Sfera.az xəbər verir ki, adıçəkilən bankların strateqlərinin fikrincə, 2023-cü ilin birinci rübündə dollar avroya nisbətən bir qədər bahalaşacaq, lakin ilin qalan hissəsində ucuzlaşma prosesi gedəcək. 


“Bank of America” hesab edir ki, dollar birinci rübdə əvvəlki ucuzlaşmanın bir hissəsini kompensasiya edəcək. Bankın strateqi Atanasios Vamvakidis qeyd edib ki, yanvar-mart ayları ərzində avro/dolar məzənnəsi bərabərləşəcək. Yəni, bir avro bir dollara bərabər olacaq. Vamvakidis sonra avronun yenidən yüksələcəyini təxmin edir. Strateqin fikrincə, baza inflyasiyasının yüksək olması mərkəzi bankların sərt pul-kredit siyasətini davam etdirməyə vadar edəcək ki, bu da investorların risk iştahını aşağı sala və dolları dəstəkləyə bilər. Bununla belə, Vamvakidis ilin sonuna qədər dollarla bağlı düşüncələrinin pessimist olduğunu ifadə edərək, 2023-cü ilin sonuna kimi avro/dolların 1,1-ə yüksələcəyini proqnozlaşdırıb. 


“BNP Paribas” da bir neçə illik eniş trendini proqnozlaşdırır. Qurumun iqtisadçıları dolların yaxın müddətdə bahalaşacağını, lakin bunun qısamüddətli olacağını və dolların bir neçə il azalma tendensiyasına girəcəyini proqnozlaşdırıblar.


Əlavə edək ki, 2023-cü ilin ilk günlərində dolların ümumi məzənnəsində bir qədər enmə baş verib. Daha uzun müddətdə baş verən dəyişiklikləri müqayisə etdikdə isə dolların 2022-ci ilin sentyabrın son günlərindən ucuzlaşmasının şahidi oluruq. Sentyabrdan sonra dollar 10 faizə yaxın ucuzlaşıb. 


Bir qayda olaraq dolların ucuzlaşması qlobal səviyyədə əmtəə və xidmətlərin qiymətinə müsbət təsir edir. Bu təsirə baxmayaraq, son aylarda dünyada mal və xidmətlərin dəyərində qismən enmə var. Bunun əsas səbəbi 2022-ci ilin üçüncü rübünə qədər qiymətlərin xeyli yüksəlməsi və dünya iqtisadiyyatında tələbin zəifləməsi ilə bağlıdır. 


Əgər proqnozlar özünü doğruldarsa, yəni növbəti aylarda dollar bir qədər də zəifləyərsə, bu, mal və xidmətlərin qiymətində sürətlə enmənin qarşısını alacaq, inflyasiya templərində daha zəif düşmə dinamikası müşahidə ediləcək.  


Vasif

 


OXŞAR XƏBƏRLƏR