Bu mallara görə Azərbaycandan 1 milyard dollar çıxacaq
Bu il Azərbaycan avtomobil idxalına rekord məbləğdə vəsait xərcləyəcək.
2022-ci ilin yanvar-noyabr aylarına aid olan məlumata əsasən avtomobil idxalına 932 milyon dollar xərclənib və ilin sonunda idxal xərclərinin 1 milyard dollar ötməsi gözlənilir.
Sfera.az xatırladır ki, avtomobil idxalına ən böyük vəsait 2012-2014-cü illərdə xərclənib. Həmin illərdə idxal xərci 900-950 milyon dollar səviyyəsində idi.
Bu il avtomobil idxalına çəkilən xərcin artması qiymətlərin yüksəlməsi ilə bağlıdır. Son ilyarımda avtomobil bazarında qiymətlərin artması, eyni zamanda əhalinin daha yeni avtomobillərə maraq göstərməsi idxal xərclərinin yüksəlməsinə səbəb olub.
Statistik məlumata görə bu il bir avtomobilin idxal xərci (gömrük xərcləri nəzərə alınmadan – red.) 13 939 dollar, minik avtomobillərinin isə 12 min dollar olub. Bir neçə il əvvələ qədər minik avtomobillərinin idxal xərci 30 faiz aşağı idi. Qiymətlərin artması səbəbindən avtomobil idxalına çəkilən ümumi xərc də artıb.
Vasif
Sfera.az