Ucuz yağlara tələb artıb – SƏBƏB
Azərbaycanda son bir ildə kərə yağının qiymətinin xeyli yüksəlməsi alternativ yağlara, o cümlədən marqarin yağına olan tələbi kəskin şəkildə artırıb.
Sfera.az xəbər verir ki, bu səbəbdən ölkəmizdə marqarin yağının istehsalı 65 faizdən çox artıb.
Marqarin yağına tələbin artması sadəcə kərə yağının qiymətinin yüksəlməsi ilə bağlı deyil. Ötən illərdə kərə yağı kəskin şəkildə bahalaşdığı halda marqarin yağının qiymətində artım çox zəif olub. Buna görə də kərə və marqarin yağlarının qiyməti arasındakı fərq böyüyüb. Beş il əvvəl kərə yağının bir kiloqramının orta qiyməti 14 manat, bir il əvvəl 17 manat olduğu halda hazırda 20 manata çatıb. Süfrə marqarinin qiyməti son 5 ildə 3,7 manatdan 4,7 manata yüksəlib. 2021-ci illə müqayisədə isə marqarin yağının dəyəri sabit qalıb.
Marqarin yağının qiymətinin əlverişli olması bu məhsulların alışını xeyli artırıb. Son bir ildə marqarin yağının istehsalının 30 min tondan çox artaraq 73 min tona çatması da bunun nəticəsidir. Bu il marqarin yağının istehsalında qeydə alınan artım miqdarı kərə yağındakı ümumi istehsal miqdarından (22,7 min ton) çox olub.
Vasif
Sfera.az