Mərkəzi Bank sonuncu faiz qərarını AÇIQLAYACAQ

Mərkəzi Bank sonuncu faiz qərarını AÇIQLAYACAQ

Dekabrın 16-da Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ilə dair sonuncu faiz qərarını açıqlayacaq. Bu dəfə də faiz qərarına təsir göstərəcək əsas amil inflyasiya səviyyəsi olacaq.

 

Sfera.az bildirir ki, 2022-ci ildə İdarə Heyətinin toplantılarında faizlərin artırılması ilə bağlı 3 dəfə qərar qəbul edilib.

 

Birinci qərarda uçot dərəcəsi 7,25 faizdən 7,5 faizə, ikincidə 7,75 faizə, üçüncü artımda 8 faizə qaldırılıb. Bu il uçot dərəcəsinin artırılması inflyasiya səviyyəsinin xeyli yüksəlməsi ilə bağlıdır. Ötən ilin sonunda illik inflyasiya 12 faiz olduğu halda bu ilin oktyabrında 15,6 faizə yüksəlib. Buna görə də AMB bir neçə ildən sonra uçot dərəcəsini yenidən 8 faizə çatdırıb.

 

2022-ci ilin son faiz qərarı qəbul edilən zaman uçot dərəcəsi artırılmaya bilər. Buna səbəb noyabrda qeydə alınan illik inflyasiya sürətinin zəifləməsidir. Noyabra dair açıqlanan məlumatlardan görürük ki, illik qiymət artımı 15,1 faizə geriləyib. İllik inflyasiyanın azalması ərzaq mallarının və pullu xidmətlərin qiymət səviyyəsinin düşməsi ilə bağlıdır.

 

Qeyd edək ki, son bir neçə ayda xarici bazarlarda da qida məhsullarının qiymətində enmə müşahidə edilir. Bu proses tədricən qeyri-ərzaq mallarının dəyərində də görünür. Əmtəə bazarlarında qiymətlərin enməsi dünyada böhran ehtimalının yüksək olması ilə izah edilir. Mərkəzi bankların faizləri davamlı artırması tələbi zəiflətdiyindən əmtəələrin əksəriyyətinin qiymətində enmə baş verir. Bu proses Azərbaycana da sirayət edir və ərzaq qiymətlərində artım sürətinin zəifləməsi müşahidə olunur. Buna görə də AMB-nin son faiz qərarında uçot dərəcəsini sabit saxlaya bilər.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR