2023-cü ildə neft qiymətləri necə olacaq? – ABŞ proqnozunu AÇIQLADI

ABŞ gələn il üçün neft qiymətləri ilə bağlı yeni proqnozunu açıqlayıb.
Sfera.az xəbər verir ki, ABŞ-nin Enerji İnformasiya Administrasiyası (EİA) gələn il üçün “Brent” markalı neftin orta qiymətinin 92,36 dollar olacağını təxmin edir. Qərbi Texas tipli WTI markalı neftin bir barelinin qiymətinin isə 86,36 dollar olacağı güman edilir.
Xatırladaq ki, EİA bundan əvvəlki proqnozunda gələn il “Brent” neftinin qiymətinin 95,33 olacağını proqnolaşdırırdı. Yeni proqnozda qiymətlərin aşağı salınması 2023-cü ilin sonuna qədər qlobal neft ehtiyatlarının artacağına dair gözləntilər səbəb olub. Bu il ərzində isə “Brent” markalı neftin barelinin orta qiymətinin 101,48 dollar, WTI tipli xam neftin barel qiymətinin isə 95,22 dollar olacağı gözlənilir.
Hesabatda qlobal neft ehtiyatlarının gələn ilin birinci yarısında gündəlik 200 min barel azalacağı, ikinci yarısında gündəlik 700 min barel artacağı proqnozlaşdırılıb. Qlobal neft tədarükünün bu il gündəlik 99 milyon 980 min barrel, gələn il 101 milyon 60 min barrel olacağı təxmin olunur. Qlobal neft tələbinin isə bu il gündəlik 270 min barel artaraq 99 milyon 820 min barrelə çatacağı gözlənilir.
Gələn il bu rəqəmin 100 milyon 820 min barel olacağı proqnozlaşdırılır.
Vasif
Sfera.az