Azərbaycan iqtisadiyyatı Bakıda formalaşır: paytaxt ticarət və xidmətin mərkəzinə çevrilib – ŞƏRH

Azərbaycan iqtisadiyyatı Bakıda formalaşır: paytaxt ticarət və xidmətin mərkəzinə çevrilib – ŞƏRH

Son illərdə Azərbaycanda regionların iqtisadi inkişafı ilə bağlı böyük və çoxsaylı proqramların icra edilməsinə baxmayaraq, Bakının ölkə iqtisadiyyatında payı hələ də çox yüksəkdir. Əksər sahələrdə paytaxtda formalaşan iqtisadi dövriyyə ümumi dövriyyənin 50 faizindən çoxunu təşkil edir. Hətta bəzi sahələrdə paytaxt iqtisadiyyatının payı 70 faizi ötür ki, bu da regionlararası balanslı inkişaf baxımından yaxşı göstərici hesab edilə bilməz.


Sfera.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəmizdə 2022-ci ilin ilk 9 ayı ərzində 64,13 milyard manat dəyərində sənaye məhsulu istehsal edilib. Bunun 87,5 faizi, yəni 56,1 milyard manatı Bakıda istehsal olunub. 


Paytaxt əsas kapitala qoyulan sərmayənin həcminin böyüklüyünə görə də öncüllüyünü qoruyur. Azərbaycanda 9 ay ərzində əsas kapitala 10,15 milyard manat sərmayə qoyulub ki, bunun da 5,53 milyard manatı, yaxud 54,4 faizi Bakının payına düşüb.


Əsas kapitala sərmayə qoyuluşunun çox hissəsi tikinti-quraşdırma işlərindən ibarət olub. Burada Bakının payı 50 faizi keçmir. Amma daha böyük pay yenə də paytaxtın hesabına formalaşıb. Belə ki, 9 ayda 7,46 milyard manatlıq tikinti-quraşdırma işinin 30,36 milyard manatı, yəni 40,7 faizi Bakıda həyata keçirilib. 
Tikinti-quraşdırma işlərində regionların payının çox olması işğaldan azad edilən ərazilərdə bərpa-yenidənqurma işlərinin həcminin böyük olması ilə bağlıdır. Bu il Qarabağ və Şərqi Zəngəzur regionunda 3 milyard manatdan artıq dəyərdə işlər görüləcək. 


Digər mühüm sahələrdən pullu xidmətlərdə Bakı ağırlıq mərkəzidir. Ölkəmizdə 9 ayda 6,4 milyard manatlıq pullu xidmət göstərilib və bunun 3,8 milyard manatı (59,4 faizi) Bakıda həyata keçirilib. 


Pullu xidmətlərin əsas hissəsini informasiya və rabitə xidmətləri təşkil edib. Burada Bakının payı daha böyükdür. Bu sahə üzrə ümumi xidmətlərin 87,3 faizi Bakıda göstərilib. Azərbaycan üzrə informasiya və rabitə xidmətlərinin həcmi 1,97 milyard manat olub və bunun 1,72 milyardı Bakının payına düşüb.


İctimai-iaşə dövriyyəsinin, yəni restoran, kafe, bar, yeməkxana və digər bu kimi xidmət sahələrində yaradılan dəyərin də böyük hissəsi Bakıda formalaşıb. Doqquz ayda Azərbaycanda yeyib-içməyə 1,07 milyard manat xərclənib ki, burada paytaxtın payı 707,9 milyon manat (66,3 faiz) olub.


İqtisadiyyatda böyük paya sahib olan sahələrdən biri də pərakəndə ticarətdir. Burada da Bakı dominantlıq edir. Azərbaycanda insanlar pərakəndə ticarət obyektlərində 35,55 milyard manat xərcləyib. Bakıda ticarətdə xərclənən pul isə 20,3 milyard manat olub ki, bu da cəmi ticarətin 57,1 faizini formalaşdırıb. 


Nəhayət, muzdla, yəni maaş müqabilində çalışan işçilərin də təxminən yarısı Bakının payına düşür. Son məlumata əsasən,  Azərbaycanda 1,728 milyon işçi var və onların 891 mindən çoxu, yaxud 51,56 faizi Bakıda işləyir. 


Beləliklə, göstəricilərdən aydın olur ki, Azərbaycan iqtisadiyyatı dedikdə, daha çox paytaxt iqtisadiyyatı nəzərdə tutulur. Bakı faktiki olaraq Azərbaycan iqtisadiyyatının döyünən ürəyinə çevrilib. Paytaxtda isə rəsmi məlumata əsasən, ölkə əhalisinin cəmi 22,5 faizi, yəni 2,3 milyon nəfəri qeydiyyatdadır. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...