Özəl və dövlət sektorları arasındakı maaş fərqi nə qədərdir?
Son məlumata əsasən, Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 827,4 manatdır.
Sfera.az xəbər verir ki, orta maaş özəl sektorda dövlət sektoru ilə müqayisədə daha yüksəkdir.
Dövlət müəssisələrində çalışan işçilərin orta əməkhaqqı 779,1 manat olduğu halda özəldə 881,6 manat təşkil edib.
Özəl və dövlət sektorları arasında orta hesabla maaş fərqi 102,5 manatdır. Nəzərə alsaq ki, özəl sektorda çalışanların böyük əksəriyyəti vergi ödəyicisi deyil, o halda, “ələçatan” maaş fərqinin daha böyük olduğunu deyə bilərik.
Bununla yanaşı bəzi sahələr var ki, orada özəl və dövlət sektorları arasında maaş fərqi daha böyükdür. Buna nümunə kimi mədənçıxarma sənayesini (fərq 1215 manat), peşə, elmi və texniki fəaliyyət sahəsini (fərq 519 manat) göstərmək olar. Bəzi sahələr var ki, burada dövlət sektorunda maaş daha yüksəkdir. Buna nümunə kimi emal sənayesini (fərq 344 manat), maliyyə və sığorta fəaliyyətini (fərq 135 manat) göstərmək olar.
Vasif