Dollar niyə ucuzlaşır? - ŞƏRH

Dollar niyə ucuzlaşır? - ŞƏRH

Bu ilin noyabr ayından dünyada ABŞ dollarının ucuzlaşması müşahidə edilir. 


Sfera.az xatırladır ki, ABŞ-da mərkəzi bank funksiyasını həyata keçirən Federal Ehtiyat Sisteminin (FED) noyabrın 4-də keçirilən son topantısının ardından dollar sürətlə dəyər itirir. Həmin tarixdən ötən qısa müddətdə dollar 6 faizdən çox ucuzlaşıb. 


Dolların ucuzlaşması Dollar İndeksində əks olunur. Noyabrın 4-də indeks 113 səviyyəsində olduğu halda, hazırda 106 həddindədir. 


Dolların dəyərdən düşməsinə səbəb FED-in idarə heyəti üzvlərinin açıqlaması olub. Rəsmilər açıqlamasında qeyd ediblər ki, FED ABŞ-da inflyasiya səviyyəsini aşağı salmaq üçün faizlərin artırılması siyasətini davam etdirəcək, lakin faizlər əvvəlki kimi 50 və ya 75 bənd yox, daha az artırılacaq. Digər açıqlamalarda isə bildirilir ki, FED 2023-cü ilin 3-cü rübündən sonra faizləri tədricən aşağı salacaq. 


FED rəsmilərinin belə bir fikir irəli sürməsi inflyasiya səviyyəsinin zəifləməsi ilə izah olunur. Artıq ilkin nəticələr onu göstərir ki, ABŞ-da və dünyada qiymət artımlarının sürəti xeyli zəifləyib. Hətta qarşıdakı aylarda bir çox əmtəə növlərində qiymət artımlarının qiymət azalmaları ilə əvəz olunacağı gözlənilir. 


Qeyd edilən açıqlamalar və proqnozlar maliyyə bazarlarına psixoloji təsir edib və son 12 gündə dollar ucuzlaşır. ABŞ analitikləri hesab edir ki, əgər ölkələrində inflyasiya zəifləyərsə və bu proses davamlı olarsa, o halda dolların bir qədər də ucuzlaşması qaçılmaz olacaq. 


Amma FED-in rəhbəri Cerom Pauel noyabrın 4-dəki açıqlamasında faizlərin 2023-cü ildən başlayaraq endiriləcəyi gözləntisinə əsas olmadığını demişdi. Pauel inflyasiyanın istənilən səviyyəyə düşməyəcəyi təqdirdə faizlərin yüksək səviyyədə saxlanacağını vurğulamışdı. 


Dolların ucuzlaşmasını avro/dollar məzənnəsinin yüksəlməsi və qiyməti dollarla müəyyənləşən malların bahalaşmasından da görmək mümkündür. Noyabrın 4-dən ötən müddətdə avro/dollar kursunun 0,97-dən 1,038 səviyyəsinə yüksəlməsi məhz dolların ucuzlaşması ilə bağlıdır. 

 

Azərbaycanda da avro bahalaşıb. On beş gün əvvəl Mərkəzi Bankda rəsmi məzənnəsi 1,69 manat olan avronun kursu indi 1,76 manatdır. 

Son bir ayda qiymətli və digər əlvan metalların, pambığın bahalaşmasında da dolların ucuzlaşmasının təsiri hiss edilir. Dolların ucuzlaşmasının Azərbaycana ciddi təsiri hazırda hiss edilmir. Ancaq ucuzlaşma davam edərsə və bu, uzun müddətli olarsa, o halda təsirlərini hiss edəcəyik. 


Əsas təsir bəzi idxal mallarının bahalaşması olacaq. Bununla yanaşı Dövlət Neft Fondunun aktivlərinin dəyərinin bir qədər yüksəlməsinin şahidi olacağıq. 
Amma dünyada proqnozlaşdırılan iqtisadi böhran baş verərsə, qeyd edilən təsirlərin əksini müşahidə edəcəyik.  


Vasif


OXŞAR XƏBƏRLƏR