Azərbaycan İrana qarşı sanksiyalara qoşula bilərmi? – Natiq Cəfərlinin ŞƏRHİ

Azərbaycan İrana qarşı sanksiyalara qoşula bilərmi? – Natiq Cəfərlinin ŞƏRHİ

İrana qarşı yeni sanksiyalar paketi işə salınıb. Bir sıra aparıcı dövlətlər də həmin sanksiyalara dəstək nümayiş etdirib. Azərbaycanın da İrana qarşı sanksiya tətbiq etməli, iqtisadi əlaqələri kəsməli olduğu haqda təkliflər eşidilir.

 

Maraqlıdır, İranın Azərbaycan iqtisadiyyatındakı payı nə qədərdir və Bakı Tehrana qarşı sanksiyalar tətbiq edə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli iki ölkə arasındakı iqtisadi statistik göstəriciləri açıqlayıb:

 

“İran Azərbaycanın ticarət dövriyyəsində ilk 15-liyə daxil olmayan ölkədir. İranla qarşılıqlı ticarət dövriyyəsi 500 milyon dollar civarındadır. Bunun da təqribən 350-360 milyon dollara yaxını İrandan aldığımız məhsula hesablanır. Biz isə İrana dəyəri 150 milyon dollara yaxın məbləğlə ifadə edilən mal satırıq. Bu cəhətdən böyük iqtisadi əlaqələrimizin olduğunu deyə bilmərik. Sadəcə, bir neçə il öncə İranla müəyyən isinişmə dövrü yaşandı. O zaman qarşıya 2025-ci ilədək ticarət dövriyyəsinin 3 milyard dollara qaldırılması ilə bağlı hədəf qoyuldu. İndi İranın Azərbaycana qarşı haqsız mövqeyi həmin hədəflərə çatmağın mümkünsüz olduğunu deməyə əsas yaradır. İranın hazırkı tutumuna qarşı ticari əlaqələrin inkişaf etdirilməsi real görünmür”.

 

Ekspert Azərbaycanın İranla birgə qoşulduğu layihələrin olduğunu və həmin layihələrin mühüm əhəmiyyət kəsb etdiyini də sözlərinə əlavə edib:

 

“Şimal-Cənub dəhlizinin açılmasında mühüm əhəmiyyət kəsb edən Rəşt-Astara dəhlizinin tikilməsində Azərbaycan İranla birgə çıxış edir. Burada Azərbaycanın bir hədəfi var - Şimal-Cənub, Şərq-Qərb dəhlizlərində körpü rolunu oynamaq. Bundan başqa, Zəngəzur dəhlizinə paralel olaraq 5 km məsafə ilə İran ərazisindən keçən kommunikasiya xətlərinin açılması ilə bağlı razılaşma var. Bu xətlərin açılmasında Azərbaycanın da marağı var. Çünki həm İrandan, həm də Ermənistandan keçən kommunikasiya xətlərinin olması Ermənistan və İranın Azərbaycana qarşı təzyiqlərini azalda bilən faktorlardır. Yəni biz bir ölkədən asılı olsaq, zaman-zaman yolların bağlanmasının şahidi ola bilərik. Alternativlər olanda isə bu ehtimallar azalmış olur. Bu nöqteyi-nəzərdən Azərbaycanın İranla iqtisadi münasibətləri tamamilə kəsməsi doğru yanaşma deyil. Çox güman münasibətlərin kəskinləşməməsi üçün qarşılıqlı addımlar atılacaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR