Azərbaycanda emal sənayesi hansı sahələrin hesabına böyüyür? – MÜQAYİSƏ

Azərbaycanda emal sənayesi hansı sahələrin hesabına böyüyür? – MÜQAYİSƏ

Azərbaycanda son 5 ildə cari qiymətlərlə hesabladıqda emal sənayesində istehsalın həcmində 1,7 dəfəyə yaxın artım qeydə alınıb. Artımın bu dərəcədə böyük olmasında inflyasiya ilə yanaşı bəzi sahələrdə istehsalın kəskin şəkildə artmasının da rolu var. 


Sfera.az xəbər verir ki, emal sənayesində 2017-ci ildə 9,72 milyard manatlıq məhsul istehsal edildiyi halda, ötən il istehsalın dəyəri 16,3 milyard manatı ötüb. 
Ölkəmizin emal sektorunda ən böyük paya qida və neft məhsullarının istehsalı sahələri malikdir. Qida sektorunda 4,49 milyard manatlıq, neft məhsulları istehsalı sahəsində isə 4,39 milyard manatlıq istehsal olub. 


Son 5 ildə istehsal qida sahəsində 1,48 dəfə, neft məhsullarının emalında 1,72 dəfə artıb.


Adıçəkilən 2 sahənin emal sektorunda payı son 5 ildə 57 faizdən 54 faizə qədər azalıb. 


Emal sektorunda artımın böyük olması digər sahələrin hesabına təmin edilib. 


İstehsalda ən böyük artım kimya sənayesində olub. Burada istehsal 513 milyon manatdan 1,67 milyard manata kimi artıb. Kimya sənayesində artımın sürəti 3,25 dəfəni keçib. 


Tütün məmulatlarının istehsalı da kəskin artıb. Beş il əvvəl 39 milyon manat olan istehsal həcmi ötən il 663 milyon manatı keçib. Ötən müddətdə Azərbaycanda tütün məmulatlarının istehsalı 17 dəfə artıb. 


Ötən 5 ildə sürətli artım qeydə alınan digər sahələrdən toxuculuq sənayesini (182 milyondan 382 milyon manata), mebel sənayesini (66,5 milyondan 168 milyon manata), avtomobil və qoşquların istehsalı sahəsini (0,1 milyondan 82 milyon manata), əczaçılıq sənayesini (1,3 milyondan 10,6 milyon manata) qeyd etmək olar. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR