Ərzaq böhranı qiymətləri ARTIRIR - 2023-cü ildə bu məhsullar BAHA OLACAQ
Beynəlxalq Valyuta Fondu (BVF) 2022 və 2023-cü illərdə qida və gübrə qiymətlərinin artması səbəbindən idxal xərclərinin 9 milyard dollar artacağını proqnozlaşdırır.
Sfera.az xəbər verir ki, BVF qlobal ərzaq böhranı ilə mübarizə adlı hesabatını dərc edib.
Hesabatda vurğulanır ki, dünya ərzaq böhranı ilə üz-üzədir, çünki yüksək qiymət artımları ərzaq təhlükəsizliyini çətinləşdirir.
BVF ekspertləri bildirir ki, ərzaq böhranına Rusiya-Ukrayna münaqişəsi, quraqlıq və COVID-19 pandemiyası səbəb olub:
“2022-ci ildən etibarən Rusiyanın Ukraynada başlatdığı müharibə əsas ərzaq məhsulları və gübrələrin beynəlxalq qiymətlərinə təzyiqləri gücləndirib, vəziyyət kəskin şəkildə pisləşib. Beynəlxalq qiymətlər son qiymət yumşalmalarına baxmayaraq, 2020-2021-ci illərin orta göstəricilərindən xeyli yüksəkdir”.
BVF-nin rəyinə əsasən, yüksək qiymətlər bir çox ölkəni ciddi ərzaq çatışmazlığı ilə üz-üzə qoyub:
“Ərzaq böhranı qlobal hadisə olsa da, daha çox aşağı gəlirli ölkələrə təsir edir. Ərzaq böhranı insan iztirabları yaratmaqla yanaşı, böyük iqtisadi xərclərə də səbəb olur. Böhran Ukrayna və Rusiyadan ərzaq idxalından asılı olan 48 ölkədə əsasən də, aşağı gəlirli ölkələrdə müşahidə edilir”.
Beynəlxalq qurumun hesablamalarına görə, 2022-ci ildə ərzaq təhlükəsizliyini təmin etmək üçün təxminən 50 milyard dollara ehtiyac olub. Qurum proqnozlaşdırır ki, bu məbləğ uzunmüddətli dövrdə bir qədər də artacaq.
Hesabatdan aydın olur ki, Sudan, Qırğızıstan, Belarus, Tacikistan və Ermənistan ərzaq idxalında Ukrayna və Rusiyadan daha çox asıldır. Moldova, Litva, Estoniya, Paraqvay və Qırğızıstanın isə Ukrayna və Rusiya gübrəsinə daha çox ehtiyacları var.
Vasif,
Sfera.az






