\"Türk dövlətləri böyük regional uğurlara imza atacaq\" – Millət vəkilindən ŞƏRH

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci ilin noyabr ayında Türk Dövlətləri Təşkilatına çevrilməsi və Türk İnvestiya Fondunun təsis edilməsi ticari-iqtisadi əlaqələrə xüsusi təkan verib”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycanla Orta Asiyada yerləşən türk ölkələri arasında iqtisadi əlaqələrin inkişafını şərh edərkən millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib.
Bayramov qeyd edib ki, bu ilin ilk yarısında ölkəmizin 4 türk respublikası ilə ümumi ticarət dövriyyəsi 544,36 milyon dollar olub və bu, 2021-ci il üçün ümumi dövriyyəsindən 66,5 faiz çoxdur:
“Bu müddətdə Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsi 326,673, Türkmənistan ilə 125,91, Özbəkistan ilə 87,478, Qırğızstan ilə isə 4,23 milyon dollar olub. Qeyd edək ki, 2021-ci il ərzindəki ölkəmizin adıçəkilən Türk dövlətləri ilə 361,743 milyon dollarlıq ticarət dövriyyəsində Qazaxıstan 135,799, Türkmənistan 105,023, Özbəkistan 111,903, Qırğızıstan isə 9,018 milyon dollar paya malik idi”.
Millət vəkilinin fikrincə, türk ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsində ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin xüsusi rolu var:
“Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana, Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayevin ölkəmizə gəlişini xüsusi qeyd etmək lazımdır. Ölkələr ticarət dövriyyəsini daha da artırmağı əsas hədəflərdən biri olaraq müəyyənləşdiriblər. Azərbaycan Qazaxıstan ilə ticarət dövriyyəsini 2 dəfə artıraraq 1 milyard dollara çatdırmağa, Türkiyə ilə isə növbəti 2 ildə 15 milyard dollarlıq ticari əməkdaşlığa nail olmağa çalışır. Hədəflər genişdir, imkanlar böyük. Türk dövlətlərinin birgə daha böyük regional uğurlara imza atacağı şübhəsizdir”.
Vasif,
Sfera.az