Azərbaycan bu məhsulun ixracını 6 dəfə artırıb – Satışdan gəlir 122 milyon dollara çatdı

Azərbaycanın qeyri-neft mallarının ixrac dəyəri 2022-ci ilin ilk 7 ayında 24,2 faiz artaraq 1,7 milyard dollara çatıb. İxracın artmasına bir sıra məhsulların töhfəsi olduqca böyük olub.
Sfera.az bildirir ki, ixracın artımına ən böyük töhfəni karbamid verib. Ötən ilin yanvar-iyul ayları ərzində 20,3 milyon dollar dəyərində karbamid satan Azərbaycan bu ilin eyni dövründə ixrac dəyərini 122 milyon dollara qədər artırıb.
2022-ci ilin ilk 7 ayında karbamid satışından daxil olan vəsait 101,7 milyon dollar, yəni 6 dəfə artıb. Ümumi qeyri-neft mallarının ixracında karbamidin payı isə 7,2 faizə çatıb. Ötən ilin ilk 7 ayında cəmi ixracın 1,45 faizi karbamid satışından əldə edilmişdi.
Karbamidin ixracının kəskin artmasından sonra o, əsas qeyri-neft ixrac malları arasında ilk üçlüyə daxil olub. Birinci sırada 140,3 milyon dollarla pambıq mahlıcı, ikinci sırada 134,1 milyon dollarla pomidor qərarlaşıb.
Lakin qeyd edək ki, pambıq və pomidor mövsümi məhsul olduğundan ilin sonuna kimi karbamidin ixracından gəlirin daha çox artması və yekunda onun əsas qeyri-neft ixrac məhsulu adına sahib olması realdır. İyul ayına aid olan nəticələr də bunu deməyə əsas verir. Yeddinci ayda Azərbaycandan 23,1 milyon dollar dəyərində karbamid satıldığı halda, pomidor satışı 7,3 milyon dollar, pambıq satışı isə daha az olub.
Vasif,
Sfera.az