Logo

“Vətəndaşımız gəlirinin 80 faizini qidaya xərcləyir” – Bahalaşmanın qarşısını necə almalı?

“Vətəndaşımız gəlirinin 80 faizini qidaya xərcləyir” – Bahalaşmanın qarşısını necə almalı?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkədə ərzaq məhsullarının bahalaşması artan templə davam edir. Məlumdur ki, bu yaxınlarda çörəyin, yumurtanın, ətin qiymətində artım qeydə alınıb. Ancaq vətəndaşlar demək olar ki, bütün ərzaq məhsullarının bahalaşdığını bildirirlər. Görünən odur ki, hansısa məhsulun bahalaşması fonunda digər qida məhsullarının da süni qiymət artımına imkan yaranır.

Bəs, hökumət bahalaşmaya son qoyulması, yaxud da qiymət artımının vətəndaşlara mənfi təsir göstərməməsi üçün hansı tədbirlərə əl atmalıdır?

Sualımızı cavablandıran iqtisadçı-ekspert Nazim Bəydəmirli Sfera.az-a açıqlamasında söyləyib ki, vətəndaşların gəlirlərinin əsas hissəsi kommunal xidmətlər və ərzaq məhsullarına xərclənir.

Ekspertin sözlərinə görə, bir neçə ildir BMT-nin statistikasında müxtəlif ölkə vətəndaşlarının aylıq gəlirlərinin neçə faizinin qida məhsullarına xərcləndiyinə dair rəqəmlər açıqlanır:

“Təəssüf ki, Azərbaycan bu siyahıda çox aşağı yerdə idi. Bu mənada ki, vətəndaşlarımız gəlirlərinin böyük əksəriyyətini, 75-80 faizini qida məhsullarına xərcləyirlər. Ölkədəki statistik rəqəmlərdə bunu gizlətməyə çalışsalar da, real göstəricilər belədir. Kommunal xidmətləri də əlavə etsək, vətəndaşların çətin durumda olduğunu söyləyə bilərik. Məlumdur ki, ölkəmizdə kommunal xidmətlər də bir neçə dəfə bahalaşıb, qiymətlər real alıcılıq qabiliyyətinə uyğun deyil. İnsanlar sağlamlığından, təhsilindən çox kommunal xidmətlərə və ərzaq məhsullarına pul xərcləyirlər. Bu dinamika artan xətt üzrə gedir və olduqca təhlükəli tendensiyadır. Müasir insanların qidalanmaqdan başqa digər zəruri ehtiyacları da var. Vətəndaşlar təhsil, informasiya texnologiyalarından yararlanmaq, istirahət və.s istiqamətlərə də pul xərcləməlidir”.

İqtisadçı təəssüflə vurğulayıb ki, vətəndaşların qazandığı yalnız qidalanmağa və kommunal xərcləri ödəməyə çatır, belə cəmiyyətlərdə kütləvi halda savadsızlaşma  gedir:

“Bizim kimi karbohidrogen ehtiyatları zəngin olan ölkələrdə islahatlar çətin aparılır, bahalaşma zamanı hökumət daha da “tənbəlləşir”, nefti-qazı satıb büdcəni doldurur, ancaq iqtisadi islahatlar çətin aparılır. Təcrübə onu göstərir ki, dövlət elmə, biliyə, kommunikasiya texnologiyalarına pul xərcləmirsə, yəni vətəndaşlar bu imkanlardan yararlana bilmirsə, getdikcə bu ölkə inkişafdan qalır . Müqayisə üçün Gürcüstanı qeyd edə bilərik. Təəssüf ki, adətən hökumət də bəzi kampaniyalara yol verir, guya qiymət artımı, çörəyin qiymətinin bahalaşmaması ilə bağlı “reaksiya verir”. Lakin elə məhsullar var ki, onların qiyməti iki qat bahalaşıb. Hökumət də büdcə vəsaitlərindən maliyələşən şəxslərə cüzi, yəni rəsmi statistikada inflyasiya dərəcəsinin göstərildiyi qədər kompensasiyalar edir, maaşları artırır. Bunun isə heç bir xeyri yoxdur”.

N.Bəydəmirli bahalaşmanın vətəndaşlara ciddi təsir göstərməməsi üçün alternativ çıxış yollarını da sadaladı:

“Hökumətin əlində olan insturmentlər çoxdur, həmin insturmentlərin ən vacibi bazar iqtisadiyyatında rəqabət mühitini təmin etməkdir. Rəqabət mühiti təmin edilmiş olsaydı, insanlar daha çox qazanardılar, qiymətin artması da onlara ciddi təsir göstərməzdi. Ona görə də məmur sahibkarlığının ləğvi, rüşvətxorluq, korrupsiya və digər mənfi elementlər aradan qaldırılmalı, ədalətli bölgü aparılmalıdır. Belə olduqda vətəndaşlar narazı qalmayacaqlar və sosial müdafiəyə ehtiyacları olmayacaq. Təəssüf ki, bu sistem hələ Azərbaycanda oturuşmayıb"

Yeganə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR