Bahalaşma aqrar sektorun ixracını artırdı: az satıb, çox qazanmışıq

Bahalaşma aqrar sektorun ixracını artırdı: az satıb, çox qazanmışıq

2022-ci ildə bir çox mal qrupu üzrə Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı mallarının miqdarı azalsa da, qiymətlərin artması hesabına satışdan gəlirimiz artıb.


Sfera.az bildirir ki, ilin birinci yarısında 490 milyon dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edilib və bu məbləğ ötən ilin birinci yarısındakı göstərici ilə müqayisədə 51 milyon dollar və ya 11,5 faiz çoxdur.


Gəlirin artması bahalaşma ilə bağlı olub. Belə ki, ixrac miqdarı tərəvəzdə, pambıqda azalıb, meyvədə sabit qalsa da, gəlirimiz yalnız tərəvəzdə azalıb.


Bu il ölkəmizdən 197,6 min ton tərəvəz ixrac edilib və miqdar ifadəsində ixracda 25 min ton azalma qeydə alınıb. Tərəvəz ixracının miqdarı 11,2 faiz azalsa da, satışdan gəlirdə azalma 2,8 faiz (5 milyon dollar) olub.


Tərəvəz ixracının azalması pomidor və kartof satışının azalması ilə bağlıdır. Pomidor ixracı 114 min tondan 105,8 min tona, kartof ixracı 92 min tondan 78 min tona kimi azalıb.


Cari ildə meyvə ixracı miqdar ifadəsində cüzi artsa da (0,5 min ton artaraq 108,8 min tona çatıb), meyvə satışından əldə edilən gəlir 20,6 faiz artaraq (26,8 milyon dollar) artaraq 156,6 milyon dollara çatıb.


Pambıq ixracında isə miqdar ifadəsində azalma böyük (ixracın miqdarı 22,8 min ton azalaraq 56,9 ton olub) olsa da ixrac gəliri xeyli artıb. İxracdan gəlir 15 milyon dollar artmaqla 137 milyon dollara çatıb.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR