“Aİ-95” benzini son 2 ildə 90 qəpik bahalaşdı -  Ən ucuz satılan benzin hansı ölkədədir?

“Aİ-95” benzini son 2 ildə 90 qəpik bahalaşdı -  Ən ucuz satılan benzin hansı ölkədədir?

2022-ci ilin iyulun 13-dən “Aİ-95” markalı (95 oktan ədədli) benzinin bir litrinin pərakəndə satış qiyməti 2 manata qaldırılıb. Bundan öncəyə qədər 95 oktan ədədli benzinin qiyməti 1,6 manat idi.


Sfera.az xəbər verir ki, “Aİ-95” markalı benzini Azərbaycan idxal edir və rəsmi məlumatlara əsasən onun idxal dəyəri son aylarda yüksəlib.


2022-ci ilin yanvar-aprel ayları ərzində ölkəmizə 29 980,66 ton “Aİ-95” markalı benzin idxal edilib. Bu qədər benzinin idxalına 29 121 milyon dollar, yaxud bir tonuna 1650 manat və ya bir litrinə isə 1,65 manat xərclənib.


İlk 4 ayda Azərbaycan 95 oktanlı benzinin çox hissəsini Rusiya və Bolqarıstandan alıb. Benzinin 9403 tonu (litri 1,56 manatdan) Rusiyadan, 8919 tonu (litri 1,97 manatdan) Bolqarıstandan idxal edilib. Daha 4945 ton benzin (litri 1,43 manat) Türkmənistandan, 6713 ton benzin (litri 1,52 manat) Rumıniyadan alınıb.

 

Statistik məlumatlar göstərir ki, bütün idxal mənbələri üzrə benzinin dəyəri yüksəlib.


Bəs, digər ölkələrdə “Aİ-95” markalı benzinin pərakəndə satış qiyməti necədir?

 

İyulun 11-nə olan məlumata əsasən dünyada 95 oktanlı benzinin bir litrinin pərakəndə satış qiyməti 1,44 dollar, yəni 2,45 manat olub. Bəzi ölkələrdə qiymətlər bundan az, bəzilərində isə yüksəkdir.


Benzinin ən ucuz satıldığı ölkələr Venesuella (4 qəpik), Liviya (5 qəpik), İran (8,5 qəpik), Suriya (48 qəpik), Əlcəzairdir (53 qəpik).


MDB ölkələrindən Türkmənistanda qiymət 73 qəpik, Qazaxıstanda 75 qəpik, Rusiyada 1,41 manat, Belarusda 1,62 manat, Özbəkistanda 1,7 manat təşkil edir.
Dünyada ən bahalı benzin isə Honkonqdadır. Bu kiçik ölkədə benzinin 1 litrinin qiyməti 5,15 manatdır. Qiymətlər İslandiyada 4,2 manat, Norveçdə 4,1 manat, İsraildə 4 manatdır.


Qeyd edək ki, Azərbaycanda bu növ benzinin bahalaşması xam neftin qiymətindən asılı olduğundan “Aİ-95” benzininin satışında tez-tez dəyişiklik baş verir. Xam neftin dəyəri endikdə “Aİ-95” markalı benzinin qiyməti də enir. Məsələn, 95 oktanlı beniznin qiyməti də 2020-ci ilin martın 13-də 1,5 manatdan 1,2 manata, mayın 1-dən isə 1,1 manata enmişdi. Həmin dövrdə “Brent” markalı neftin qiyməti 25-35 dollar səviyyəsində idi.


Son iki ildə neftin kəskin bahalaşması ilə əlaqədar “Aİ-95” benzinin qiyməti 90 qəpik və ya 82 faiz artıb.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR