Ucuzlaşma başlayıb – hansı məhsulların qiyməti daha çox enib?
Qlobal bazarlarda uzun müddət qiyməti artan malların əksəriyyətinin dəyəri son bir ayda enmə mərhələsinə keçib.
Sfera.az birja məlumatlarına istinadən xəbər verir ki, son bir ayda 30 əsas məhsulun 70 faizində ucuzlaşma baş verib. Bəzi məhsullarda ucuzlaşma hətta ikirəqəmli səviyyəyə yüksəlib.
Ay ərzində qiyməti ən çox enən məhsul pambıq olub. Pambıq mahlıcının dəyəri bir ayda 30 faizdən çox ucuzlaşaraq 2100 dollara düşüb.
Çox ucuzlaşan məhsulların sırasında təbii qaz (30 faiz), nikel (19 faiz), buğda (18,5 faiz), zeytun yağı (18 faiz), alüminium (14 faiz), sink (14 faiz), mis (12 faiz), taxta (11 faiz) da var.
Adıçəkilən mallardan başqa neft, neft məhsulları, şəkər, qarğıdalı, qiymətli metallar, kofe kimi əsas məhsullar da ucuzlaşıb.
Son bir ayda əmtəə qiymətlərində enmənin davam etməsi mümkündür. Çünki bir qayda olaraq yüksək inflyasiya şəraitində alıcılıq qabiliyyəti zəiflədiyindən mal dövriyyəsi kiçilir. Mal dövriyyəsinin kiçilməsi isə öz növbəsində qiymətlərə azaldıcı təsir edir.
Buna görə də proqnozlaşdırmaq olar ki, qarşıdakı aylarda da ucuzlaşma davam edəcək. Yalnız neft qiymətləri artacağı təqdirdə yeni bahalaşma ehtimalı realdır.
Vasif
Sfera.az






