Bahalaşma səbəbindən əhali bu ərzaq mallarının istehlakını azaldıb – RƏQƏMLƏR
2021-ci ildə bahalaşmanın son 4 ilin ən yüksək səviyyəsinə çatması əhalinin istehlak etdiyi ərzaq mallarının miqdarının azalmasına səbəb olub.
Sfera.az xatırladır ki, ötən il ərzaq qiymətləri 8,2 faiz artıb. Sonuncu dəfə belə yüksək qiymət artımı 2017-ci ildə qeydə alınmışdı.
Ərzaq qiymətlərinin nəzərəçarpacaq dərəcədə artması əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir etdi və nəticədə istehlak edilən ərzağın miqdarı azaldı.
Ötən il əsas ərzaq mallarının əksəriyyətinin istehsalında azalma qeydə alınıb. Əsas ərzaq mallarından yumurtanın addambaşına düşən illik istehlakı 175 ədəddən 168 ədədə düşüb. Adambaşına istehlakda azalma süd və süd məhsullarında (257,6 kq-dan 250,3 kq-a), kartofda (83,3 kq-dan 83,2 kq-a), bostan məhsullarında (38,4 kq-dan 37,8 kq-a), meyvədə (87,4 kq-dan 82,9 kq-a), çayda (2,3 kq-dan 1,3 kq-a), paxlalılarda (3,3 kq-dan 3,2 kq-a), düyüdə (6,4 kq-dan 6,3 kq-a), bitki yağlarında (15,3 kq-dan 8,8 kq-a), çörəkdə (128,4 kq-dan 117,4 kq-a) düşüb.
Digər əsas ərzaq mallarından ət və ət məhsullarının illik istehlakı (40,8 kq), balıq və balıq məhsullarında (7,3 kq), şəkərdə (26,9 kq) sabit qalıb.
Yalnız tərəvəzin və qənnadı məmulatların istehlak miqdarı artıb. Tərəvəzin adambaşına istehlakı 134,1 kq-dan 135,4 kq-a, qənnadı məmulatların istehlakı 11,8 kq-dan 12,6 kq-a yüksəlib.
2022-ci ildə ərzaq mallarının qiymətində artım daha böyükdür. Buna görə də cari ildə ərzaq mallarının istehlak miqdarının bir qədər də azalacağını proqnozlaşdıra bilərik.
Vasif
Sfera.az






