Əhalinin yığımları kəskin azalıb – SƏBƏB
2021-ci ilin yekunlarına dair açıqlanan məlumatlar göstərir ki, Azərbaycan əhalisinin ötən il qənaət etdiyi vəsait kəskin şəkildə azalaraq 1,98 milyard manata düşüb. Qənaət edilən vəsaitin 1,378 milyard manatı qeyri-maliyyə aktivlərininin, 602,1 milyon manatı maliyyə aktivlərinin yığımından ibarət olub.
Ötən il yığılan vəsait 2006-cı ildən sonrakı ən kiçik məbləğdir.
Sfera.az xatırladır ki, əhalinin qənaətləri 2020-ci ildə 6,01 milyard manat, 2019-cu ildə 4,84 milyard manat, 2012-ci ildə 10,2 milyard manat olmuşdu.
2021-ci ldə qənaətlərin kəskin azalmasına səbəb gəlirlərlə müqayisədə xərclərin daha çox artmasıdır. Ötən il əhalinin ümumi gəlirləri 1,427 milyard manat, yəni 2,55 faiz artdığı halda xərclər 5,457 milyard manat (11 faiz) artıb.
Xərclərdəki belə böyük artım son istehlak xərclərindəki artımla əlaqəlidir. Əhalinin birillik istehlak xərcləri 4,5 milyard manata yaxın artıb.
Qeyd edək ki, ötən il bahalaşmanın 6,7 faizə yüksəlməsi əhalinin xərclərinin artmasında əsas rol oynayıb. 2022-ci ildə inflyasiyanın 12,5 faiz olacağı proqnozlaşdırılır. Bu səbəbdən də cari ildə də yığımların böyük olmayacağı gözlənilir.
Vasif
Sfera.az






