Azərbaycanda təbii artım dayanır, “uşaq pulu” zərurətə çevrilir - Bu tarixdən etibarən...
Azərbaycanın demoqrafik vəziyyətinə dair açıqlanan məlumatlar göstərir ki, ölkəmizdə yaxın illərdə əhalinin təbii artımı dayana bilər.
Ölkəmizdə doğum və ölüm göstəriciləri arasındakı fərqin kiçilməsi təbii artımın azalmasına səbəb olur ki, bu da Azərbaycan əhalisinin sayındakı artımı zəiflədir.
Sfera.az xatırladır ki, 2010-2016-cı illərdə əhalinin təbii artımı illik 100 min nəfərdən yüksək idi. Amma 2017-ci ildən təbii artım 87 min nəfərə, 2019-cu ildə 85 min nəfərə, 2020-ci ildə 51 min nəfərə, 2021-ci ildə 35 min nəfərə düşüb.
2020-2021-ci illərdə təbii artımın kəskin azalması birbaşa pandemiya ilə bağlıdır. Bunu 2022-ci ilə dair təbii artım göstəriciləri də təsdiqləyir. Pandemiyanın aradan qalxmasından sonra əhalinin sayının artım dinamikası güclənib. Böyük ehtimalla cari ildə əhalinin təbii artımı yenidən 50 min nəfəri ötəcək.
Lakin pandemiya amilini nəzərə almasaq da, görürük ki, təbii artım azalmağa doğru gedir.
Mövcud dinamika qalarsa, 15 ildən sonra təbii artım dayana bilər. Başqa sözlə, 2037-ci ildən sonra əhalinin sayı artmayacaq, əksinə azalacaq. Həmin ildə əhali sayının ən yaxşı halda 10,8 milon nəfərə yüksələcəyini proqnozlaşdırmaq olar.
Təbii artımın azalması doğum göstəricilərinin zəifləməsi ilə bağlıdır. Doğum azaldığı zaman təbii artım sürətində də azalma baş verir. Məsələn, 2011-2014-cü illərdə hər il 170 mindən çox uşaq dünyaya gəlib. Amma 2018-ci ildə 139 min, 2021-ci ildə 112 min doğum qeydə alınıb.
Maraqlı fakt ondan ibarətdir ki, ölkəmizdə doğum göstəricilərinə əhalinin iqtisadi vəziyyəti birbaşa təsi edir. Məsələn, 1980-ci illərdə doğum sayı 180 mindən çox olduğu halda, 2002-ci ildə 111 minə qədər geriləmişdi. 2003-cü ildən başlayaraq əhalinin iqtisadi vəziyyətinin yaxşılaşması doğum göstəricilərini yaxşılaşdırdı və 2013-cü ildə 173-172 minə yüksəldi.
2015-ci ildəki devalvasiyadan sonra vəziyyət yenidən pisləşdi və doğum sayı 2018-ci ildə 139 minə qədər gerilədi.
Azərbaycanda doğum sayına iqtisadi vəziyyətin birbaşa təsirini nəzərə alaraq deyə bilərik ki, dövlət təbii artımın azalmasının qarşısını almaq istəyirsə, hökmən, “uşaq pulu”nu yenidən bərpa etməlidir. Əgər ailələrdə uşaqlara görə yaranan xərcin bir hissəsi dövlət tərəfindən qarşılanarsa, o halda, doğum sayı yenidən arta bilər və bunun hesabına əhali sayında azalmanın baş verməsini daha uzun müddətə təxirə salmaq mümkün olar.
“Uşaq pulu” olmadan isə təbii artımın dayanmasının qarşısını yalnız iqtisadi vəziyyətdə köklü şəkildə yaxşılaşma ala bilər. Əks halda yaxın illərdə təbii artımda azalmanın qarşısını dayandırmaq mümkün olmayacaq.
Vasif
Sfera.az






