Rusiya yerini İrana verir: Rəsmi Vaşinqton güzəştə gedəcək?
Neftin qiyməti artmaqda davam edir. Digər tərəfdən, Rusiya neftindən imtina edən dövlətlər alternativ yollar axtarırlar. Dünya bazarlarına daha çox neftin çıxarılmasını təmin etmək üçün ABŞ Venesuellaya qarşı sanksiyaları yumşaldıb.
Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Vaşinqtonda həm də İrana qarşı sanksiyaların yumşaldılması mövzusu müzakirə olunur:
“Bunun üçün İranla nüvə sazişinin imzalanması vacib deyil. Çünki bu sazişin yaxın zamanda imzalanması problematikdir. Nüvə sazişi ilə bağlı danışıqlar nəticə vermir. Tehran İrana qarşı mövcud olan bütün sanksiyaların ortadan qaldırılmasını tələb edir. Misal üçün, Tehran İslam Keşikçiləri Korpusunun sanksiya siyahısından çıxarılmasını tələb edir. Vaşinqton isə ancaq nüvə proqramıyla bağlı sanksiyaları yumşalda bilər, İrana qarşı digər sanksiyalardan imtina etməyəcək. Buna görə də indiki şərtlər altında Vaşinqtonla Tehran arasında razılaşma problematikdir. Buna baxmayaraq, Amerikaya neft, İrana isə neftin satışından gəlir əldə etmək lazımdır”.
Ekspert əlavə edib ki, İranda sosial vəziyyət mürəkkəbdir:
“Əhalinin gəlirləri azalıb, bəzi yerlərdə maaşların verilməsi gecikir ki, bu da əhali arasında narazılığa səbəb olur. İran neftini satmağa imkan əldə edərsə, sosial və iqtisadi problemlərinin həllini sürətləndirə bilər. Hazırda İran öz neftini ucuz qiymətə Çinə və Hindistana satır. Bu isə çox böyük gəlir əldə etməyə imkan vermir. Çin neft əvəzinə İrana məhsullar ixrac edir. İrana isə valyuta lazımdır. İran və Səudiyyə Ərəbistanı dünya bazarlarında Rusiya neftini əvəz edə bilərlər. Vaşinqton Ər-Riyadla danışıqlar aparır ki, Səudiyyə Ərəbistanı dünya bazarlarına daha çox neft çıxarsın. İran da bu prosesə qoşularsa, neftə olan tələbat azalar və qiymətlər sabitləşər. Neft qiymətlərinin sabitləşməsi bir çox ölkənin maraqlarına cavab verir. Neft istehsal edən ölkələr də neftin qiymətinin sabitləşməsini istəyirlər. Çünki neftin qiyməti yüksək olduğu kimi qəfil ucuzlaşa da bilər. Bu isə neft istehsal edən ölkələrin gəlirlərini azaldacaq və həmin dövlətlər büdcələrini dəyişdirmək məcburiyyətində qalacaqlar”.
Günay Rəsulqızı
Sfera.az