Baha neftin faydaları: Azərbaycan hər ay əlavə nə qədər gəlir əldə edib?

Baha neftin faydaları: Azərbaycan hər ay əlavə nə qədər gəlir əldə edib?

Neftin bahalaşması Azərbaycanın ixracını kəskin şəkildə artırıb.



Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-aprelində Azərbaycan 10,74 milyon ton neft satıb və bu qədər neftdən gəliri 4,35 milyard dollar olub. 2022-ci ilin eyni dövründə ixrac etdiyimiz neftin miqdarı 9,48 milyon tona ensə də, satışdan gəlirimiz 6,54 milyard dollara yüksəlib.



Neftdən gəlirin xeyli artması onun bahalaşması ilə bağlıdır. Azərbaycan ötən ilin əvvəlində neftin bir tonunu 405 dollara satdığı halda, bu ilin əvvəlində 690 dollara satıb. Məhz neftin bahalaşması hesabına satışdan əlavə 2,19 milyard dollar gəlir əldə edilib.



Neftin bahalaşması qazın da qiymətini yüksəldib. Bu il qaz satışından əldə edilən gəlir kəskin artıb. Ötən ilin ilk 4 ayında 7,837 milyard kub metr qaz satışından 1,13 milyard dollar gəlir olduğu halda, bu il 7,22 milyard kub metr qazın satışından 4,2 milyard dollar gəlir olub.



Keçən il qazın hər 1000 kub metri 144 dollara, bu il 582 dollara satılıb. Qazın qiymətinin bir neçə dəfə artması hesabına satışdan 3,07 milyard dollar çox gəlir əldə olunub.



Ümumilikdə, neftin və qazın bahalaşmasına görə 4 ay ərzində Azərbaycan əlavə olaraq 5,26 milyard dollar və ya hər ay orta hesabla 1,32 milyard dollar çox gəlir əldə edib.



Bu dinamika qalarsa, Azərbaycan 2022-ci ilin sonunda neft və qaz satışından əlavə 16 milyard dollar gəlirə sahib olacaq.



Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR