Avropa İttifaqı Rusiyadan neft alışını dayandırır – “Qara qızıl”ın qiyməti bir qədər də yüksələcək

Avropa İttifaqı Rusiyadan neft alışını dayandırır – “Qara qızıl”ın qiyməti bir qədər də yüksələcək

Avropa İttifaqı Rusiyadan neft və neft məhsullarının idxalına tətbiq edəcəyi sanksiyanı üzv ölkələr arasında razılaşdırıb.


Sfera.az xəbər verir ki, Brüsseldə keçirilən toplantıda qəbul edilən qərara əsasən, 2022-ci ilin sonuna qədər Avropa İttifaqı ölkələri Rusiyadan boru kəmərləri vasitəsilə neft idxalını 90 faiz azaldacaq.


Avropa İttifaqı Komissiyasının sədri Von der Leyen qeyd edib ki, idxalın 90 faiz azaldılması yekun qərar deyil. O, söyləyib ki, ittifaq ölkələri idxaldakı 10 faizlik həcmin də il sonuna qədər dayandırılmasını müzakirə edəcək.


Açıqlanan məlumata görə, Rusiyadan Avropa İttifaqına satılan neftin 66 faizi dəniz yolu ilə, 34 faizi boru kəmərləri ilə çatdırılır. Avropaya neft ixracında əsas rolu “Drujba” (“Dostluq”) kəməri oynayır. Kəmərin şimal və cənub olmaqla iki qolu var. Şimal qolla göndərilən nefti Polşa və Almaniya, cənub qolla daşınan nefti Macarıstan və Slovakiya alır.


Von der Leyen deyib ki, şimal qolla neft alışı tam dayandırılacaq. Yalnız cənub qolla neft ixrac ediləcək.


Avropa İttifaqının bu qərarından sonra neft qiymətlərində növbəti artım qeydə alınıb. “Brent” neftinin qiyməti 123 dollara, Azərbaycan neftinin qiyməti 125 dollara çatıb.


Neft bazarı üzrə ekspertlər hesab edir ki, bu vəziyyət neft qiymətlərinin 130 dollara, hətta 150 dollara qədər artmasına səbəb ola bilər.


“Qara qızıl”ın bahalaşmasına sanksiyalardan sonra Rusiyanın davranışları və dünya iqtisadiyyatında neftə olan tələb də təsir edəcək. Rusiya sanksiyalara cavab olaraq Avropa İttifaqının almadığı neftin hasilatını dayandıra bilər.

 

Gözlənilir ki, bu halda Rusiyanın gündəlik neft hasilatı 10-10,5 milyon bareldən 7,5-8 milyon barelə düşəcək. Əgər Rusiya cavab tədbiri kimi belə bir addım atarsa, neft qiymətlərinin 150 dollara yüksəlməsinin qarşısını heç kim ala bilməyəcək.

 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR