Ərzaq böhranı ilə bağlı ÖNƏMLİ ADDIM: “Pərdəarxası danışıqlar gedir”

Ərzaq böhranı ilə bağlı ÖNƏMLİ ADDIM: “Pərdəarxası danışıqlar gedir”

“Rəcəp Tayyip Ərdoğanın vasitəçiliyi ilə Rusiyanın məhz Türkiyənin nəzarəti altında olan Qara dənizdən Ukrayna taxılının ixracına imkan verəcəyi barədə ilkin xəbərlər yayılır”.

Sfera.az bildirir ki, bunu iqtisadçı Elman Sadıqov deyib. Onun sözlərinə görə, bu, həm Ukrayna və qonşu dövlətlər üçün, həm də bütün dünyanın ərzaq probleminin dərinləşməsinin qarşısını almağa yönələn önəmli bir addımdır:

“Ukraynada taxıl biçini öncəsi keçən ildən dolmuş anbarların təcili boşalması önəmli idi. Bu, həm taxıl bazarındakı gərginliyin azalması, həm də biçiləcək taxılın yığılması üçün vacibdir. Digər bir məsələ Rusiyanın müharibə ilə bağlı mövqeyinin dəyişməsidir. Tam geri çəkilmək Rusiyada ciddi bir təlatümlə nəticələnə bilər. Bu, həm də böyük riskdir”.

İqtisadçı qeyd edib ki, Rusiya birbaşa Türkiyə, dolayısı ilə Avropanın vasitəçiliyi ilə kompromis əldə etməyə çalışır:

“Rusiya iqtisadiyyatı dözə bilər - 3, 6, 9 və ya 12 ay. Sonrasını təsəvvür etməyə başladıqca müharibənin Rusiya  və dövlətçiliyinin güclənməsi deyil, zəifləyib çökməsinə səbəb olacağını hər kəs görməyə başlayır. Ciddi niyyət və danışıqlar isə media vasitəsilə deyil, pərdəarxasında aparılır. Sonra nəticə ortaya qoyulur. Bu sakitlik ciddi danışıqların getdiyini və nəticələrinin isti yay günlərində gündəmi daha da isidəcəyini göstərir”.

 

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR