“Qara qızıl” daha da bahalaşacaq: Növbəti yüksək inflyasiya təhdidi
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra neft qiymətlərində yaranan yüksək dalğalanmalar son bir ayda daha da güclənib.
Sfera.az xəbər verir ki, qiymətlərdə tərəddüdlərin artmasının əsas səbəbi Avropa İttifaqı ölkələrinin Rusiyadan neft idxalını dayandırmağa hazırlaşmasıdır. İttifaq, üzv ölkələrinə ilin sonuna kimi Rusiyadan neft alışını dayandırmağı istəyib. Hələlik, bununla bağlı yektil fikir olmasa da, bu qərarı dəstəkləyən Avropa ölkələrinin sayı tədricən artır.
Bu həftə Avropa İttifaqı liderləri Rusiyaya qarşı növbəti – sayca 6-cı sanksiya paketini nəzərdən keçirəcək. Brüseldə keçiriləcək toplantıda Avropa İttifaqı Komissiyasının hazırladığı 6-cı sanksiya paketi müzakirə ediləcək.
Paketdə yüksək rütbəli zabitlər və Rusiya-Ukrayna müharibəsində iştirak edən bəzi şəxslər sanksiya siyahısına əlavə edilib, Rusiyanın ən böyük bankı “Sberbank” və daha 2 bank beynəlxalq ödəniş sistemindən “SWIFT”dən çıxarılıb, yayım qadağası təklif edilib. Rusiya dövlətinə məxsus 3 TV kanalın yayımı, Rusiyanın məsləhət xidmətlərindən istifadə edilməsi, 6 ay ərzində Rusiyadan xam neft tədarükünü dayandırması və ilin sonuna qədər emal edilmiş məhsulların dövriyyədən çıxarılması müzakirə olunacaq.
Növbəti sanksiyada qlobal bazarlar üçün ən ömənli məsələ neftlə bağlıdır. Bu qərar neft qiymətlərində növbəti yüksək dalğalanma gətirə bilər. Son günlər “qara qızıl”ın dəyərinin yüksəlişə keçməsi də bu narahatçılığın əlamətidir.
Düzdür, Avropa İttifaqı Komissiyası bəzi üzv dövlətlərin etirazı ilə əlaqədar sanksiyalar paketinin məzmununda neftlə bağlı bəzi dəyişikliklər edib.
Macarıstan, Slovakiya və Çexiyaya Rusiyadan neft idxal etmək üçün əlavə vaxt verilib. Bu güzəştlərə baxmayaraq, Macarıstanı hələ də razı salmaq mümkün olmayıb.
Son paketdə Rusiyadan neftin tankerlərlə alınması və boru kəmərlərinin sanksiyalardan kənarda qalması təklifi Macarıstanı razı salmayıb.
Avropa İttifaqı liderləri yekdil razılıq tələb edən bu məsələdə konsensusa nail olmağa çalışacaqlar. Əgər neftlə bağlı sanksiya təklifi qəbul edilərsə böyük ehtimalla neft qiymətləri yenidən yüksələcək.
Tanınmış beynəlxalq maliyyə qurumlarının proqnozuna əsasən, əgər Avropa Rusiyadan neft idxalını dayandırmaq haqqında qərara gəlsə, yaxın aylarda neft qiymətləri 130 dollara, hətta 150 dollara qədər yüksələcək.
Bu halda sadəcə neft idxal edən ölkələr deyil, həm də neft ixrac edən ölkələr də əziyyət çəkəcək. Çünki yüksək neft qiymətləri bütün məhsulların, o cümlədən qida məhsullarının, zəruri olan qeyri-ərzaq mallarının bahalaşmasına səbəb olacaq ki, bu da növbəti yüksək inflyasiyanın yaranması ilə nəticələnəcək.
Azərbaycan da yüksək qiymət artımlarından öz nəsibini alacaq.
Vasif
Sfera.az