Dövlət Ehtiyatları Agentliyi hansı məhsulların bahalaşmasının qarşısını alacaq?
Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsində strateji əhəmiyyətli mallarda qiymət artımının qarşısının alınacağı öz əksini tapıb.
Sənəddə Agentliyin fəaliyyət istiqamətləri sırasına ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görmək daxil edilib.
Maraqlıdır, sözügedən qurum süni qiymət artımının tam mənası ilə qarşısını ala biləcəkmi? Strateji əhəmiyyətli mallar dedikdə, konkret olaraq hansı məhsullarda bahalaşmanın qarşısı alına bilər?
Məsələ ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov agentliyin zəruri ərzaq məhsullarının qiymətinin bahalaşmasına qarşı fəaliyyət göstərəcəyini deyib:
"Pandemiya şəraiti və ondan sonra yaranan şərait yeni tələblər ortaya çıxarıb. İndi demək olar bütün ölkələr iqtisadi siyasətlərini özlərinin birinci növbədə ərzaq, energetika, maliyyə və sair təhlükəsizliklərinin təmin edilməsi üzərində qurmağa çalışırlar. Bu da təsadüfi deyil. Artıq iki ildən çoxdur ki qlobal bahalaşma və ən zəruri istehlak, hətta qida məhsulları üzrə kəskin defisit meyllərinin yaranması göz qarşısındadır. Bundan sığortalanmaq lazımdır. Daxili istehsal və bazar qorunmalıdır. Makroiqtisadi sabitlik davamlı xarakter daşımalıdır. Strateji əhəmiyyətli mallar - ən zəruri qida məhsullarıdır, ərzaqlıq buğda - un və sair üzrə tələbatın davamlı və sabit şəkildə ödənişini təmin etmək tələb olunmaqdadır. Biri var ki, süni qiymət artımına qarşı inzibati metodlarla mübarizə aparasan, bir də var bu sahədə real iqtisadi əsaslarla - süni və yaxud ümumiyyətlə, defisitə və bahalaşmaya aparan yollara qarşı siyasət yürüdəsən. Bu mənada Dövlət Ehtiyatları Agentliyinin yaradılmasına və qeyd etdiyim məsələlər üzrə ayrıca cavabdehlik daşıyan bir qurumun mövcud olaraq fəaliyyət göstərməsinə ehtiyac var idi”.
Ekspert Agentliyin ümumi fəaliyyəti haqqqında da danışıb:
"Agentliyin fəaliyyətinin təmin edilməsi haqda, strukturu və nizamnaməsi barədə də hər şey təsdiq olunub və aydındır. Agentliyin fəaliyyət istiqamətlərinə dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasını, yerləşdirilməsini, saxlanılmasını, yenilənməsini (əvəzlənməsini), idarə olunmasını və mühafizəsini təmin etmək, Dövlət Taxıl Fonduna taxılın tədarük edilməsini, saxlanılmasını və yenilənməsini (əvəzlənməsini) həyata keçirmək, dövlət və səfərbərlik ehtiyatlarının yaradılması üzrə dövlət sifarişinin hazırlanması ilə bağlı tədbirlər görmək, o cümlədən ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görmək və s. daxildir”.Əzizə Zeynal






