Tikinti sektoru durğunluqdan çıxa bilmir - TƏHLİL

İqtisadiyyat
13:59 / 16.12.2021
675
Azərbaycanda 2021-ci ildə də tikinti sektoru durğunluq keçirdi. Sektorda durğunluğun olmasını əsas kapitala sərmayə qoyuluşunun azalması və tikinti işlərinin həcminin kiçilməsi göstərir.
Sfera.az rəsmi məlumatlara əsasən bildirir ki, 2021-ci ilin yanvar-noyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 11,708 milyard manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz az vəsait yönəldilib.
Əsas kapitala sərmayə qoyuluşu həm neft-qaz sektorunda, həm də qeyri-neft sektorunda müşahidə edilir. Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 8,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,9 faiz azalıb.
Sərmayə qoyuluşunun azaldılması tikinti işlərində də özünü göstərib. Tikinti işlərinin dəyəri 2,275 milyard manat olub ki, bu da real ifadədə ötən ilə nisbətən 16,6 faiz baş verib.
Sektorda azalma mənzil tikintisində də qeydə alınıb. İlin 11 ayında 888 milyon manat dəyərində mənzil tikilib ki, bu da 24,8 faiz azalmaya səbəb olub.
Əsas kapitala sərmayə qoyuluşunun azalması və tikinti işlərinin zəifləməsi ümumi daxili məhsulda sektorun payının 4,9 faizə qədər azaldıb. Əvvəlki illərdə tikinti sektorunun payı 8 faizdən yüksək idi.
Tikinti sektorunda işlərin həcmi azalsa da, tikinti materiallarının istehsalı sahəsində artım qeydə alınıb. İstehsalın ümumi dəyəri 783,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83,7 faiz artıb. Betondan yığma tikinti konstruksiyaların istehsalı 2,1 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 60,3 faiz, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 55,8 faiz, tikinti gipsinin istehsalı 43,8 faiz, tikinti kərpicinin istehsalı 34,2 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 33,4 faiz, asfaltın istehsalı 13,9 faiz, tikinti əhənginin istehsalı isə 4,8 faiz artıb.
Vasif
Sfera.az