Ticarətdəki kəsir kiçilir – Nəyin hesabına?

İqtisadiyyat
12:08 / 10.12.2021
453
Azərbaycanda bu il qeyri-neft ixracının rekord səviyyədə artması bu qrup məhsulların ticarətindəki kəsirin kiçilməsinə səbəb olub.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft mallarının ixracı 1,7 milyard dollar, idxalı 6,2 milyard dollar, ticarət kəsiri 4,5 milyard dollar olub.
2020-ci ilin eyni dövründə ticarət saldosu 4,9 milyard dollar (ixrac 1,2 milyard dollar, idxal 6,1 milyard dollar), 2019-cu ilin 9 ayında 5,46 milyard dollar (ixrac 1,34 milyard dollar, idxal 6,8 milyard dollar) təşkil edib.
Müqayisə göstərir ki, son 3 ildə qeyri-neft ticarətində ən yaxşı vəziyyət 2021-ci ildə qeydə alınıb.
Bu il qeyri-neft mallarının ixracı idxalla müqayisədə daha çox artıb. İdxaldakı artım 3,2 faiz olduğu halda, ixracda 38,1 faiz artım baş verib.
Bununla belə bəzi qeyri-neft mallarının idxalında böyük artım qeydə alınıb. İdxalda ən çox artım gəmilər, qayıqlar və üzən konstruksiyalarda (1,9 dəfə), əczaçılıq məhsullarında (1,5 dəfə), ətir və kosmetik vasitələrində (44%), minik avtomobillərində (40%), dəmiryol nəqliyyat vasitələrində (39,4%), şəkərdə (36,6%), mebel məhsullarında (25,6%), alkoqollu və alkoqolsuz içkilərdə (21%), daş və şüşə məmulatlarında (20%), ağac məmulatlarında (16,3%), tütün və tütün məhsullarında (12%) artıb.
Uçuş aparatlarında (11,4 dəfə), dənli bitkilərdə (13,5%), metallarda (11,4%), sabun və yuyucu vasitələrdə (8%) və kərə yağında (6,7%) isə idxal azalıb.
Vasif
Sfera.az