Azərbaycan əcnəbilərə 2,4 milyard dollar ödəyib
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, əcnəbilərə ödənilən vəsaitin əsas hissəsini (1,7 milyard dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (vəsaitin, gəlirin həqiqi sahibinə qaytarılması) təşkil edib.
Repatriasiyasının 1,6 milyard dolları beynəlxalq neft-qaz konsorsiumları üzrə xam neft şəklində ödənişlərdən ibarətdir. Bundan başqa qiymətli kağızlar portfeli üzrə əcnəbilərə ödənilən faizlər 300 milyon dollar, xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər 200 milyon dollar və digər ödənişlər 200 milyon dollar olub.
Azərbaycana və onun vətəndaşlarına xaricdən ödənilən vəsait isə 1,3 milyard dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana ödənişlər 200 milyon dollar və ya 20 faiz artıb.
Nəticə göstərir ki, bu ilin 9 ayında xaricə ödənilən vəsaitin məbləği Azərbaycanın əldə etdiyi vəsaitin həcmindən 1,1 milyard dollar çox olub. Ötən ilin 9 ayında kəsir 800 milyon dollar idi.
Vasif
Sfera.az






