ÜDM sürətlə böyüyür – İstehsalda yeni rekord göstərici qeydə alınacaq
Bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının dəyərində və onun adambaşına düşən hissəsində yeni rekord göstərici qeydə alına bilər.
Sfera.az bildirir ki, ilk 10 ayda ÜDM istehsalı 71,6 milyard manata, adambaşına düşən hissəsi 7 148 manata yüksəlib. İlin son aylarında yaradılan dəyərin daha yüksək olacağını nəzərə alsaq, ehtimal etmək olar ki, yekunda ÜDM istehsalı 87 milyard manata, onun adambaşına düşən hissəsi 8,6 min manata çatacaq.
Manatla ifadədə ÜDM dəyərinin 2021-ci ildə gözlənilən həcmi rekord göstərici olacaq. İndiyə qədər ən böyük ÜDM 2019-cu ildə istehsal edilmişdi və onda yaradılan dəyərin həcmi 81,9 milyard manat idi.
Adambaşına düşən göstərici baxımından da bu il ÜDM istehsalında rekord nəticə əldə ediləcək. Bu ilə qədər ən yaxşı nəticə 2019-cu ildə qeydə alınan 8200 manat olub.
ABŞ dolları ilə ifadə etdikdə isə ÜDM istehsalının dəyəri 51,1 milyard dollar, adambaşına düşən hissəsi 5 min dollar təşkil edəcək. Bu göstəricilər 2014-cü ildə qeydə alınan göstəricilərdən az olsa da son 7 ilin ən yaxşı nəticəsidir.
Cari ildə ÜDM-nin həcminin və onun adambaşlına düşən hissəsinin xeyli artması bahalaşmanın yüksəlməsi və real iqtisadi böyümənin 5 faizi keçməsi ilə bağlıdır. Hər iki amilin təsiri ilə 2021-ci ildə ÜDM istehsalı 2020-ci ildən 18-20 faiz böyük olacaq.Vasif






