2011-ci ildəki böhran təkrarlanacaq – Dollar dünyanın ehtiyat valyutası statusunu itirə bilər
Sfera.az "Bloomberg”ə istinadən bildirir ki, dövlətin borclanma tavanını parlament müəyyənləşdirir. Hökumətin bütün çağırışlarına baxmayaraq parlament borclanma tavanını artırmayıb.
Bəs, parlament inadkarlığından əl çəkməsə, 2011-ci ildəki böhran yaşana bilərmi?
Xatırladaq ki, 2011-ci ildə hökumətin borclanma limitinin artırılması gecikdirilmişdi və bu vəziyyət S&P 500 İndeksinə, əmtəə qiymətlərinə və inkişaf etməkdə olan ölkələrin milli valyutalarına neqativ yöndən təsir etmişdi. On il əvvəl borclanma böhranı ilə əlaqədar ABŞ-ın dövlət istiqrazlarında faizlər düşmüşdü və yüksək gəlir gətirən valyutalar üzrə satışlar artmışdı.
2011-ci ildə borc tavanı mübahisələri 26 iyul-19 avqust tarixləri arasında baş verib. Bu qısa müddətdə S&P 500 16 faiz dəyər itirdi, ABŞ xəzinə kağızlarının faizi 89 faiz bəndi düşdü, əmtəələrdən isə neftin qiyməti 10 faiz enmişdi.
"Bloomberg”in iqtisadçıları proqnozlaşdırır ki, borc böhranı uzanarsa, ABŞ mərkəzi bankının istiqraz alışını azaltma planını dəyişə bilər. 2011-ci il ssenarisinin təkrarlanacağı təqdirdə ABŞ-da iqtisadi böyümənin qismən zəifləyəcəyi və məşğulluğun bir qədər pisləşəcəyi güman edilir.
ABŞ prezidenti Co Bayden isə xəbərdarlıq edib ki, parlament dövlət borcunun yuxarı həddinin artırılmasına razılıq verməsə, defolt yaşana bilər, həmçinin dolların dünyanın ehtiyat valyutası statusunu itirmək təhlükəsi atacaq. Onun sözlərinə görə, razılıq əldə edilməsə ABŞ-ın kredit reytinqi aşağı salınacaq, kredit faizləri artacaq.
Vasif
Sfera.az






