ÜDM istehsalı son 10 ildə nə qədər artıb?

ÜDM istehsalı son 10 ildə nə qədər artıb?
2010-cu ildə mövcud olan qiymətlərlə hesablandıqda ötən il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi 46,1 milyard manat təşkil edib. On il əvvəl ölkəmizdə ÜDM istehsalının 42,46 milyard manat olduğunu nəzərə alsaq, baza ili ilə müqayisədə əlavə dəyər istehsalının cəmi 8,55 faiz artdığı məlum olur. 

Sfera.az bildirir ki, 2020-ci ildə ÜDM istehsalı 72,4 milyard manat təşkil edib. Ötən il məhsul istehsalının 46,1 milyard manat yox, 72,4 milyard manat olması son 10 ildə baş verən qiymət artımları ilə bağlıdır. 2020-ci ildəki cari qiymətlər 2010-cu ildəki cari qiymətlərlə müqayisədə xeyli yüksəldiyindən ötən il ÜDM istehsal baza ili ilə müqayisədə 70 faizdən çox artaraq 72,4 milyard manat olub. Ancaq baza ilindəki qiymətlər nəzərə alındıqda məlum olur ki, son 10 ildə ÜDM istehsalında ciddi artım yoxdur. 

ÜDM istehsalında artım sürətinin zəif olmasının səbəbi mədənçıxarma sənayesi ilə bağlıdır. On il ərzində bu sahədə 24,3 faiz kiçilmə qeydə alınıb. 

Baza dövrü olan 2010-cu ildə ÜDM istehsalının 46 faizi mədənçıxarma sənayesinin payına düşüb. Lakin ötən il mədənçıxarma sənayesinin payı 32 faizə qədər geriləyib. 

Bu səbəbdən də son 10 ildə ÜDM istehsalında ciddi artım baş verməyib. Mədənçıxarma sənayesinin payının azalması neft istehsalının azalması ilə bağlıdır. 

2010-cu ildə ölkəmizdə 50,6 milyon ton əmtəəlik neft hasil edildiyi halda, ötən il hasilat miqdarı 34,5 milyon ton olub. Neft hasilatının azalması iqtisadi göstəricilərin yaxşılaşdırılması imkanlarını məhdudlaşdırıb. 

İnkişaf sürətini zəiflədən digər sahə tikinti sektoru olub. Tikintidə onillik böyümə cəmi 1,6 faizdir. 

Amma elə sahələr var ki, orada çox ciddi böyümə göstəricilərinə nail olunub. Belə ki, informasiya və rabitə sahəsində 155 faiz, ticarətdə 77,4 faiz, emal sənayesində 61,6 faiz, daşınmaz əmlakla bağlı əməliyyatlarda 61,1 faiz, kənd təsərrüfatında 50 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində 48,5 faiz, nəqliyyatda 40 faiz real artım baş verib. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR