Elektrik ixracı gəlirli sahəyə çevrilir
Sfera.az bildirir ki, 2008-ci ilə qədər Azərbaycan elektrik enerjisi ticarətindən zərər edib. Yəni, hər il xaricdən aldığımız elektrik enerjisinin dəyəri, satdığımızdan çox olub. 1990-cı illərin ilk illəri ilə müqayisədə 2000-ci illərin əvvəlində elektrik enerjisinin ticarətində zərərimiz bir qədər də böyüyüb. 1994-cü ildə 17,4 milyon dollarlıq elektrik enerjisi idxal etdiyimiz halda ixracımızın dəyəri 5,8 milyon dollar təşkil edib. Bu ildə idxal ixracdan 3 dəfə böyük olub. 2002-ci ildə idxalımız 67,1 milyon dollar, ixracımız 18,9 milyon dollar idi. İdxalın həcmi ixracdan 3,55 dəfə böyük olmuşdu.
Sonrakı illərdə elektrik enerjisi idxalı tədricən azalıb və 2008-ci ildə fərq müsbət olub. Həmin ildə Azərbaycanın elektrik enerjisi idxalı 10,5 milyon dollara, ixracı 27,4 milyon dollara yüksəlib. 2008-ci ildə əldə edilən müsbət nəticə sonrakı illərdə də davam etdirilib və 2011-ci ildə elektrik enerjisinin ixracı 40,1 milyon dollara çatıb. Həmin ildə elektrik enerjisi idxalı 7,3 milyon dollar olmuşdu.
2012-2016-cı illərdə elektrik enerjisi ixracında azalma qeydə alınıb. Hətta 2015-ci ildə ixrac 17,2 milyon dollara qədər geriləyib. Bu dövrdə idxal da azalıb və 2015-ci ildə 5 milyon dollara geriləyib.
Amma 2017-ci ildə elektrik enerjisi ixracında yenidən yüksəliş baş verib. Bu ildə elektrik enerjisi ixracı 51 milyon dollara çatıb, idxalsa 4,2 milyon dollar təşkil edib.
2018-ci ildə ixrac 65,6 milyon dollar, 2019-cu ildə 76,8 milyon dollar, 2020-ci ildə 59,8 milyon dollar, 2021-ci ilin yanvar-iyul ayları ərzində 33 milyon dollar olub.
Göründüyü kimi, elektrik enerjisi ixracında maksimum göstərici 2019-cu ildə qeydə alınıb. Bu ilin yekununda ixracın 60 milyon dollar səviyyəsində olacağını təxmin etmək olar.
Azərbaycanın elektrik enerjisinin ixracının artması bu məhsulun istehsal həcminin artması ilə bağlıdır. 1995-ci ildə Azərbaycanda 17 milyard kVt/saat elektrik enerjisi istehsal edilmişdirsə, 2019-cu ildə istehsal 26 milyard kVt/saatı ötüb.
Vasif
Sfera.az






