Qeyri-neft ixracı 1,35 milyard dolları ötüb

İqtisadiyyat
14:50 / 16.08.2021
1335
2021-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanın qeyri neft-qaz mallarının ixrac dəyəri 1,354 milyard dolları ötüb.
Sfera.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri neft-qaz mallarının ixrac dəyəri 319 milyon dollar, yəni 30,8 faiz artıb. Ötən ilin ilk 7 ayında qeyri neft-qaz mallarının ixrac dəyəri 1,035 milyard dollar idi.
Azərbaycanın cəmi ixracının 11,9 faizi qeyri neft-qaz mallarından ibarətdir. Ötən il bu göstərici 11,34 faiz olub.
Qeyri neft-qaz malları arasında ən böyük paya meyvə-tərəvəz malikdir. Meyvə-tərəvəz ixracının dəyəri 359,6 milyon dollar olmaqla cəmi ixracın 26,55 faizdir.
Meyvə-tərəvəz ixracında əsas məhsullar pomidor (166,5 milyon dollar) və fındıqdır (58 milyon dollar).
Qeyri neft-qaz malları arasında ikinci ən böyük paya 108,1 milyon dollarla plastmassa və onlardan hazırlanan məmulatlar sahibidir.
Pambıq lifi və pambıq ipliyi (82 milyon dollar), alüminium və ondan hazırlanan məmulatlar (51,3 milyon dollar), kimya sənayesi məhsulları (46,5 milyon dollar), elektrik enerjisi (42,6 milyon dollar) də əsas qeyri neft-qaz məhsullarındandır.
Vasif
Sfera.az