Əhali pandemiya dövründə 6,6 milyard manat qənaət edib

11:45 / 12.08.2021
763
2020-ci ildə əhalinin gəlirlərinin azalmasına baxmayaraq qənaət etdiyi vəsaitin məbləği kəskin şəkildə artıb.
Sfera.az bildirir ki, ötən il əhalinin gəliri təxminən 1 milyard manat azalaraq 55,726 milyard manata düşüb. Amma xərclərdə azalma daha böyük olduğundan fərq böyüyüb. İl ərzində xərclər 2,7 milyard manat azalaraq 49,22 milyard manata enib. Nəticədə, gəlir və xərclər arasındakı fərq böyüyərək 6,5 milyard manata çatıb ki, bu da 2019-cu illə müqayisədə 1,66 milyard manat çox vəsait deməkdir.
Gəlir və xərclər arasındakı fərq əhalinin qənaət etdiyi vəsaitdir. Qənaət olunan vəsait iki hissədən – maliyyə və qeyri-maliyyə aktivlərindən ibarət olur.
Ötən il əhalinin qənaətlərindəki artım maliyyə vəsaitlərinin yığımı hesabına təmin olunub. Maliyyə vəsaitlərindəki yığım 2,38 milyard manat və ya 2,08 dəfə artmaqla 4,59 milyard manata yüksəlib.
Əhali bir ildə bu qədər vəsaiti sonuncu dəfə 2015-ci ildə yığıb. Sonra yığımlar azalaraq 2019-cu ildə 2,21 milyard manata enib. İndiyə qədər əhali ən çox maliyyə vəsaitini 2012-ci ildə toplayıb. Həmin ildə əhalinin maliyyə yığımları 8,61 milyard manatı ötüb.
2020-ci ildə qeyri-maliyyə vəsaitlərinin yığımı azalıb. 2019-cu ildə 2,63 milyard manat olan yığımlar ötən il 1,91 milyard manata enib.
Maliyyə vəsaitlərinə maliyyə tələbləri (depozitlər), qızıl, səhm, xüsusi borcalma hüquqları və s. daxildir. Digər iqtisadi aktivlər qeyri-maliyyə aktivlərinə aid edilirlər.
Vasif
Sfera.az