Azərbaycanın neft ixracı azalacaq - SƏBƏB
Beynəlxalq Valyuta Fondunun (BVF) yeni proqnozuna əsasən, illik müqayisədə gündəlik neft ixracında 6,9 faiz və ya 40 min barel azalma qeydə alınacaq. Ötən il Azərbaycan orta hesabla gündəlik 580 min barel neft ixrac etmişdi. BVF neft ixracında azalmanın 2022-ci ildə də davam edəcəyini və 500 min barelə düşəcəyini təxmin edir.
Fondun hesablamalarına görə, 2021-ci ildə ölkədə proqnozlaşdırılan gündəlik hasil olunan neftin 79,4%-i, 2022-ci ildə isə 75,6%-i ixraca yönəldiləcək.
Bəs, Azərbaycanda ildən-ilə neft ixracının azalması nə ilə bağlıdır, daxildə istehlak artır, yoxsa neft hasilatında azalma baş verir?
Sfera.az saytına danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd etdi ki, neft ixracında gözlənilən azalmalar daxili istehlakla bağlı deyil.
Həmsöhbətimiz dedi ki, neft daxildə daha çox avtomobil yanacağının istehsalında istifadə edilir:
"Aİ-92 benzini üzrə istehsalda artım yoxdur. Neft Emalı Zavodunda yeni qurğuların işə salınması ilə gələcəkdə yanacaq istehsalı tədricən artacaq”.
İ.Şaban bildirdi ki, son illərdə dizel yanacağının istehlakında müəyyən qədər artım var. Onun fikrincə, bunun səbəbi dizel avtomobillərinin idxalının artması ilə bağlıdır.
Ekspert neft ixracımızın ildən-ilə azalmasının yeganə səbəbinin neft hasilatının azalması ilə bağlı olduğunu vurğuladı. Onun sözlərinə görə, neft hasilatının və ixracının ildən-ilə azalmasını normal qəbul etmək lazımdır:
"Çünki Azərbaycanda yeni neft yataqları aşkar edilmir, mövcud yataqların ehtiyatları isə azalır. Kommersiya baxımından neftin hasilatı rentabelli olmayana qədər hasilat azalacaq.
Bu proses 50 il də davam edə bilər. Necə ki, vaxtilə Özbəkistan 15 milyon ton hasil edirdi, hazırda kondensatla birgə 2,5 milyon ton hasil edir. Gürcüstan hazırda 30 min ton neft hasil edir, ancaq vaxtilə Gürcüstan ildə 7 milyon ton neft hasil edib. Azərbaycan da bu prosesi yaşayır”.
Vasif
Sfera.az






