Logo

Azərbaycanda tərəvəz əkin sahələri azalıb, məhsul istehsalı isə artıb - SƏBƏB

Azərbaycanda tərəvəz əkin sahələri azalıb, məhsul istehsalı isə artıb - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2020-ci ilin məlumatlarına əsasən Azərbaycanda tərəvəzin əkin sahəsi 2015-ci ilə nisbətən 17,87%, 2019-cu ilə nisbətən 4 % azalaraq 66,6 min hektar olub. 2005-ci ildə 78,9 min hektar sahədə, 2019-cu ildə 69,4 min hektar sahədə tərəvəz əkilmişdi.

Sfera.az Aqrar Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, cəmi tərəvəz əkinlərinin 28,5%-i pomidorun, 17,9%-i baş soğanın, 16,3%-i xiyarın, 6,6%-i kələmin, 6,2%-i badımcanın, 5,6%-i şirin və acı bibərin, 5,5%-i sarımsağın, 2,3%-i yerkökünün, 1,7%-i balqabağın, 1%-i turpun, 8,4%-i digər tərəvəzlərin payına düşüb.

Tərəvəz əkinlərinin 50%-dən çoxu Şəmkir (9,1%), Naxçıvan MR (9%), Ağdam (6,5%), Lənkəran (5,7%), Xaçmaz (5,2%), Sabirabad (4,9%), Bərdə (3,6%), Balakən (3,3%) və Zaqatala (3,1%) rayonlarında həyata keçirilib.

Əkin sahələrinin azalmasına baxmayaraq məhsul istehsalında ciddi artıma nail olunub. 2020-ci ildə ölkədə cəmi tərəvəz istehsalı 2015-ci ilə nisbətən 35,9%, 2019-cu ilə nisbətən 1,8% artaraq 1,74 milyon ton olub. 2015-ci ildə 1,28 milyon ton tərəvəz istehsal edən Azərbaycanın 2020-ci ildə istehsalı 1,74 milyon tona yüksəlib.

Cəmi tərəvəz istehsalının 40,7%-i pomidor (698 min ton), 15,6%-i baş soğan (267,2 min ton), 14,5%-i xiyar (248,9 min ton), 8,7%-i kələm (148,5 min ton), 4,8%-i badımcan, 3%-i şirin və acı bibər, 2,5%-i yerkökü, 2,3%-i sarımsaq, 1,7%-i balqabaq, 0,9%-i çuğundur, 5,4%-i digər tərəvəzlər təşkil edib.

Tərəvəz istehsalında lider rayon Şəmkirdir. Cəmi tərəvəz istehsalının 15,1%-i (258,8 min ton) Şəmkirin, 8%-i (137,7 min ton) Bərdə, 6,3%-i (107,5 min ton) Ağdam, 5,7%-i Bakı, 5,7%-i Xaçmaz, 5,1%-i Naxçıvan MR, 5%-i Abşeron, 4,7%-i Lənkəran, 4,2%-i isə Sabirabad rayonunun payına düşüb.

Əkin sahələrinin azalması müqabilində məhsul istehsalının artması məhsuldarlığın yüksəlməsi ilə bağlıdır. 2020-ci ildə tərəvəzin məhsuldarlığı 2015-ci ilə nisbətən 19%, 2019-cu ilə nisbətən 6,8% artaraq 188 sentnerə çatıb. 2015-ci ildə məhsuldarlıq 158 sentner idi.

Tərəvəz istehsalının artması onun ixracının da artımına şərait yaradıb. 2015-ci ildə 83,4 min ton tərəvəz ixrac edildiyi halda, 2020-ci ildə ixrac 219,3 min tona yüksəlib. İxrac edilən tərəvəzin 91,2 faizi pomidor olub. İxrac olunan tərəvəzin 97,3%-i Rusiyanın, 1%-i Ukraynanın, 1,7%-i isə digər ölkələrin payına düşüb.

Bu dövrdə idxal da artıb. İdxal 37,2 min tondan 50,5 min tona qədər artıb.

2020-ci ildə ölkəyə idxal olunan tərəvəzin 19,9%-i qurudulmuş mərcinin, 17,5%-i soğanın, 11,5%-i bibərin, 11,1%-i badımcanın, 9,3%-i qurudulmuş lobyanın, 8,7%-i sarımsağın, 3,9%-i xiyarın, 2,7%-i qurudulmuş noxudun, 2,7%-i pomidorun, 1,8%-i yerkökü və çuğundurun, 1,2%-i qurudulmuş tərəvəzlərin, 9,8%-i isə digər tərəvəzlərin payına düşüb.

2020-ci ildə Azərbaycana idxal olunan cəmi tərəvəzin 29,4%-i İranın, 23,9%-i Rusiyanın, 12,4%-i Türkiyənin, 7,2%-i Özbəkistanın, 27,1%-i digər ölkələrin payına düşüb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR