Logo

ÜDM istehsalında vergilərin payı artır - TƏHLİL

ÜDM istehsalında vergilərin payı artır - TƏHLİL
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən il Azərbaycanda istehsal edilən ümumi daxili məhsulda (ÜDM) vergilərin payı 10 faizə çatıb. Bu, son 29 ilin rekord göstəricisidir. Rəsmi statistikaya əsasən, 2020-ci ildə 72,4 milyard manat həcmində ÜDM istehsal edilib ki, bunun da 6,99 milyard manatı, yəni 9,65 faizi məhsula və idxala xalis vergilərin payına düşüb. 2019-cu ildə ÜDM istehsalında vergilərin payı 8,72 faiz idi.

Sfera.az xatırladır ki, əvvəlki illərdə vergilərin ÜDM-də payı 5,5 faizlə 8 faiz intervalında dəyişib. Ən aşağı səviyyə 2006-cı ildə (5,5 faiz), ən yüksək hədd isə 2009-cu ildə (7,9 faiz) qeydə alınmışdı.

Azərbaycandan fərqli olaraq dünyanın bütün qabaqcıl ölkələrində vergilərin ÜDM-də payı 25 faizdən yüksəkdir. Elə ölkələr var ki, bu nisbət 30, hətta 40 faizi ötür. Məsələn, Çexiya, Macarıstan, Almaniyada vergilərin ÜDM-də payı 35-38 faiz səviyyəsindədir. Fransa, İtaliyada 40-45 faiz, Danimarka və İsveçdə 50 faiz səviyyəsindədir. Ümumiyyətlə, Avropa Birliyi ölkələrində vergilərin payı orta hesabla 35 faizdən yüksəkdir.

Bəs, Azərbaycanda son illərdə vergilərin ÜDM-dəki payının artması nəyin nəticəsində baş verib?

Bununla bağlı Sfera.az saytına fikirlərini bildirən keçmiş maliyyə naziri Fikrət Yusifov hesab edir ki, vergilərin payının artması son bir neçə il ərzində iqtisadiyyatda aparılan islahatlar nəticəsində əldə edilən dəyişikliklərlə bağlıdır. F.Yusifov söylədi ki, iqtisadiyyatın kölgədə olan hissəsinin şəffaf olan hissəyə çıxarılması, 2019-cu ilin yanvarın 1-dən müəssisələrin vergi yükünün azaldılması, qeyri-leqal fəaliyyət göstərən müəssisələrə leqal fəaliyyətə keçid üçün çağırış edilməsi iqtisadi dövriyyənin leqallaşmasına səbəb olub.

Həmsöhbətimiz dedi ki, əvvəllər toplam vergilərin ÜDM-də payının az olması kölgə iqtisadiyyatının həcminin yüksək olması ilə bağlı idi: "Dövlət gəlir əldə edən və məşğul olan hər bir şəxsdən vergi almağı bacarmalıdır. Bunun üçün ilk növbədə iqtisadiyyatın leqallaşdırılması vacibdir. Azərbaycanda qeyri-leqal iqtisadiyyatın payı çox idi. İslahatlardan sonra gizli iqtisadiyyatın həcmi azalır. Dünyanın bütün ölkələrində gizli iqtisadiyyat mövcuddur. Amma bunun müəyyən ölçüləri var. O ölçü, təhlükəli səviyyə yüksələndə iqtisadiyyat üçün problem yaşadır.

Müəssisələr niyə qeyri-leqal fəaliyyət göstərirdi ? Çünki vergi yükü çox idi. Hər müəssisə bu vergi yükü ilə normal fəaliyyət göstərib, yükü daşıya bilmirdi. Ona görə də risk edib qeyri-leqal fəaliyyətə gedirdilər.

Vergi yükünün azaldılması, qeyri-neft sektoru üzrə vergi güzəştlərinin tətbiq edilməsi son nəticədə iqtisadiyyatda leqallaşdırmanı genişləndirdi. 2020-ci ildə 300 minə qədər yeni əmək müqaviləsi bağlanıb. Bu fakt onu göstərir ki, artıq tərəflər leqal fəaliyyət göstərməyə üstünlük verirlər. Vergilərin payının artmasının səbəbi budur”.
 
Vasif
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR