Logo

Verilən kreditlər idxalı artırır - ŞƏRH

Verilən kreditlər idxalı artırır - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda bəzi sahələrə ayrılan kreditlər dolayısı ilə idxalın artmasına səbəb olur. Bu sahələrin başında ev təsərrüfatları, ticarət və xidmət sektoru gəlir. Həmin sahələr üzrə verilən kreditlərin böyük hissəsi xaricdə istehsal edilən malların alışına xərcləndiyindən ölkəmizə idxal artır.

Sfera.az bildirir ki, rəsmi statistikaya əsasən 2020-ci ildə ölkəmizdə bütün mənbələrdən 14,53 milyard manat kredit ayrılıb. Kreditlərin 64 faizdən çoxu ticarət və xidmət, eyni zamanda ev təsərrüfatlarına verilib. Ev təsərrüfatlarına 6,71 milyard manat (cəmi kreditlərin 46,2 faizi), ticarət və xidmət sektoruna 2,606 milyard manat (cəmi kreditlərin 18 faizi) kredit ayrılıb.

Ötən il ev təsərrüfatlarına verilən kreditlərin məbləği azalıb. Amma azalma cəmi kredit qoyuluşuna nisbətən zəif olduğundan cəmi kreditlərdə payı yüksəlib. 2019-cu ilin sonunda ev təsərrüfatlarına kreditlərin 45,6 faizi ayrıldığı halda 2020-ci ilin sonunda 46,2 faizi ayrılıb. Ticarət və xidmət sektoruna yönəldilən kreditlərin isə həm məbləği, həm də xüsusi çəkisi artıb. Bu sahəyə verilən kreditlər 2,495 milyard manata çatmaqla ümumi kreditlərin 16,8 faizini formalaşdırıb.

Adıçəkilən sahələrə ayrılan kreditlərin böyük hissəsi müxtəlif təyinatlı istehlak mallarının alınmasına sərf edilir. Həmin mallar arasında məişət avadanlıqları, elektron avadanlıqlar, avtomobillər, mebellər və s. istehlak malları çoxluq təşkil edir. Alınan malların böyük hissəsi idxal edildiyindən ayrılan 64 faiz kreditin çox hissəsi dollara, avroya və ya digər valyutaya dəyişdirilərək xaricə gedir.

İstehlak kreditlərinin idxalı artırmasının əsas səbəbi ölkəmizdə emal sənayesinin bəzi sahələrinin, o cümlədən maşınqayırma, elektron avadanlıqlar istehsalı sahələrinin daxili tələbatı ödəyə bilməməsi ilə bağlıdır. Qeyd edilən xüsusiyyətlə əlaqədar olaraq ölkəmizə idxal edilən istehlak mallarının həcmi böyük olur. 2020-ci ilin məlumatına əsasən, idxal edilən malların təxminən 43 faizi və ya 4,5 milyard dolları istehlak təyinatlı idi.

Əgər emal sənayesi inkişaf etsəydi, istehlak kreditləri həmin sahələrdə məhsul istehsalını artırardı və bu dəyişiklik biznesa kreditlərinə olan tələbi gücləndirərdi. Emal sənayesi inkişaf edən ölkələrdə istehlak kreditləri təşviq edilməklə biznes kreditlərinə tələb artırılır və nəticədə iqtisadiyyata sərmayə qoyuluş artır. Buna görə də həmin ölkələrdə istehlak kreditlərinin həcminin artırılması Mərkəzi Banklar, hökumət tərəfindən stimullaşdırılır. Azərbaycanda isə istehlak kreditlərinin təşviq etmək əlverişli deyil və bu, idxalın artmasına səbəb olur.

İdxal artdığından bu vəziyyət ölkəmizdə dollara olan tələbi də artırır. Ona görə də indiki vəziyyətdə ev təsərrüfatlarına, ticarət və xidmət sahələrinə ayrılan kreditlərin xüsusi çəkisinin minimum səviyyədə saxlanılması məqsədə uyğun olardı. 
 
Vasif
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR