Bankların ixtisaslaşması mümkündürmü? - TƏHLİL
Bankların ixtisaslaşması məsələsi daim gündəmə gələn mövzulardan biridir. Qabaqcıl ölkələrin təcrübəsində bankların kredit verən zaman iqtisadiyyatın müəyyən sahələri üzrə ixtisaslaşdığı müşahdidə edilir. İnkişaf etmiş ölkələrdə tikinti, ipoteka, aqrar, investisiya və digər istiqamətlərdə fəaliyyət göstərən banklar var. Oxşar təcrübənin ölkəmizdə də tətbiq edilməsinə dair vaxtaşırı təkliflər səsləndirilir.
Belə təkliflərdən biri də istehlak krediti verən ayrıca bankların olması ilə bağlıdır. İstehlak kreditlərinin yenidən artması fonunda bu təklif aktuallığını bir qədər də artırıb. Bəs, istehlak krediti verən banklarla, biznes krediti verən ayrıca bankların olması mümkündürmü?
Qeyd edək ki, son statistik məlumatlara görə kredit qoyuluşunda istehlak kreditlərinin payı 40 faizi ötüb. 2020-ci ilin oktyabrın 1-nə olan məlumata əsasən bu göstərici artıq 46 faizə yüksəlib. Halbuki bir il əvvəl cəmi kreditlərin 40 faizi istehalak krediti idi. İstehlak kreditləşməsinin ümumi kreditlərdə payının belə yüksək olması faktına sonuncu dəfə 2014-cü ildə rast gəlinib. Amma sonradan bu göstərici 2017-ci ilin birinci rübündə 34,7 faizə qədər azalıb. 2017-ci ilin ikinci rübündən başlayaraq isə istehlak kreditlərinin kreditləşmədə payının davamlı artımı müşahidə edilir.
Sfera.az bildirir ki, istehlak kreditləri verən ayrıca bankların olması ilə bağlı təklifə münasibətini bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun fikrincə, bankların ixtisaslaşmasını bazarın özü tənzimləməlidir. Onun fikrincə bunu inzibati qaydada etmək, banklara müəyyən istiqamət üzrə fəaliyyət göstərmək üçün lisenziya vermək kimi təcrübədən yararlanmaq düzgün deyil.
Ekspert bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən banklar artıq müəyyən sahələr üzrə ixtisaslaşıb: "Bankların özləri bazarın tələbinə uyğun olaraq seçim etməlidirlər ki, hansı iqtiqamətdə kredit vermək daha sərfəlidir. Onların özləri müəyyən etməlidir ki, yalnız istehlak krediti verəcək, yoxsa biznes və ya həm istehlak, həm də biznes krediti. Buna uyğun olaraq da banklar ixtisaslaşa bilər. Faktiki olaraq bir sıra banklar kreditləşmə sahələri üzrə ixtisaslaşıb. Hazırda 30 bank fəaliyyət göstərir və onların bəziləri daha çox istehlak, bəziləri biznes krediti verir, elələri var ki, əsasən kiçik və orta sahibkarlara kredit verir. Bu mənada deyə bilərik ki, bank bazarında ixtisaslaşma var. Sadəcə rəqabət mühütini bir qədər də inkişaf etdirməklə, bankların seçim imkanlarını artırmaqla, onların kredit qoyuluşunda seçimini dərinləşdirmək olar. Bu məsələlərə inzibati müdaxilə olmamalıdır, çalışmaq lazımdır ki, bankların kredit fəaliyyəti təbii inkişaf nəticəsində formalaşsın”.
Ə.Həsənov söylədi ki, dünyada kommersiya banklarının istehlak və ya biznes kreditləşməsi üzrə bölgüsü geniş yayılmayıb. Onun sözlərinə görə bununla bağlı ayrıca lisenziyalaşma tətbiq edilmir və ya olsa da bu, genişlənmiş təcrübə deyil: ”İnkişaf etmiş ölkələrdə beləbir bölgü aparılmayıb. Keçmiş sovet dövründə ixtisaslaşmış banklar var idi. Məsələn, Əmanət Bankı var idi. Bu bank yalnız əhali ilə işləyirdi, əmanət qəbul edirdi. Yaxud, SSRİ-nin Xarici Ticarət Bankı fəaliyyət göstərirdi idi. O SSRİ müəssisələrinin xarici əməliyyatlarını aparırdı. Amma kapitalizmin, azad bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə belə təcrübə geniş yayılmayıb”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, millət vəkili Vüqar Bayramov düşünür ki, bankların ixtisaslaşması bazarın tələbindən asılı olan məsələdir. Ekspert hesab edir ki, ixtisaslaşma üçün bank bazarının böyüməsi, tələbin artması lazımdır.
O investisiya yönümlü fəaliyyəti böyük olan, əsasən biznes krediti verən banklara hazırda böyük ehtiyacın olduğunu vurğuladı. V.Bayramovun qənaətincə belə banklar olarsa biznes sektoruna kredit qoyuluşu bir qədər də artar, həmin sahələrin kredit ehtiyacı daha yaxşı ödənilər: "Banklar biznes sektorunu az maliyyələşdirir. Onların bu istiqamətdə daha yaxından iştirak etmələrinə ehtiyac var. İnvestisiya yönümlü bankların olmaması bankların biznes sektoruna real sektorun maliyyələşməsində birbaşa iştirak etməmələri, eyni zamanda həmin istiqamətdə təcrübə və ənənənin az olmasından qaynaqlanır. Ümumilikdə, banklar qarşısında seçim qoyulmamalıdır. Sadəcə olaraq yalnız istehlak və ya biznes krediti verən banklar yaradıla bilər. Əgər təcrübə uğurlu olarsa və digər banklarda maraq yaradarsa, kommersiya bankları müstəqil şəkildə seçim etməlidirlər”.
V.Bayramov inanır ki, banklar ixtisaslaşarsa həm sahibkarlar, həm də ev təsərrüfatları bank xidmətlərindən daha geniş istifadə etmək imkanı qazanacaqlar. Onun fikrincə, bankların ixtisaslaşması ilə bağlı hökmən xarici təcrübə öyrənilməli, bunu zəruri edən şərtlər tədqiq edilməlidir.
Vasif
Sfera.az





