Logo

Bu il nominal ÜDM də kiçiləcək - ŞƏRH

Bu il nominal ÜDM də kiçiləcək - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2020-ci ildə ümumi daxili məhsul (ÜDM) istehsalının real dəyəri kimi nominal dəyəri də azalacaq. İlin yanvar-noyabr dövrünün nəticələrinə əsasən nominal ÜDM-nin həcmi 64,71 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,415 milyard manat və ya 11,5 faz azalma deməkdir. 2019-cu ilin 11 ayında ÜDM istehsalının nominal dəyəri 73,125 milyard manat idi.

2020-ci ilin 11 ayında real ÜDM istehsalında 4,3 faiz azalma baş verib.

Sfera.az bildirir ki, nominal ÜDM ölkədə olan mal və ya xidmətlərin qiymətinin onların kəmiyyətinə hasili ilə müəyyənləşir. Real ÜDM hesablandığı zaman isə baza qiymətlər əsas götürülür, inflyasiya təsiri aradan qaldırılır.

2020-ci ildə məbləğin böyüklüyünə görə nominal ÜDM-nin azalması daha çox sənayedə müşahidə edilib. Ötən ilin 11 ayında 30,47 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdirsə, cari dövrdə 22 milyard manatlıq istehsal həcmi olub. Sənayedə yaradılan əlavə dəyər 8,47 milyard manat, yaxud 28 faiz azalıb.

Sənayedə ÜDM-nin azalması emal sektoru istisna olmaqla bütün alt bölmələrdə baş verib. Ən çox azalma mədənçıxarma bölməsində müşahidə edilib. Burada istehsalın həcmi 25,8 milyard manatdan 17,2 milyard manata qədər kiçilib. Mədənçıxarma sənayesində kiçilmə neftin ucuzlaşması və neft hasilatının azaldılması ilə əlaqəlidir.

İqtisadiyyatın digər sahələrindən turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində də xeyli azalma var.Ötən ilin 11 ayında bu sahələrdə 1,81 milyard manatlıq əlavə dəyər yaradıldığı halda cari ildə 2,3 dəfə az, yəni 789 milyon manatlıq əlavə dəyər yaradılıb.

Adıçəkilən sahələrdən başqa tikintidə (500 milyon manat azalma), məhsula və idxala xalis vergilərdə (470 milyon manat) azalma baş verib.

Sahələr üzrə nominal ÜDM-də artım kənd təsərrüfatında, ticarət və nəqliyyat vasitələrinin təmirində, nəqliyyat və anbar təsərrüfatında, informasiya və rabitədə , digər sahələrdə baş verib.

Xatırladaq ki, indiyə qədər nominal ÜDM-də azalma 2009 (11,2 faiz) və 2015-ci (7,8 faiz) illərdə qeydə alınıb.

Bəs, nominal ÜDM istehsalında azalmanın olmasının iqtisadiyyata mənfi təsirləri olurmu?

Müasir iqtisadi nəzəriyyələrdə ÜDM-nin nominal deyil, real göstəriciləri əsas götürülür. Lakin nominal göstəricilərdə pisləşmə baş verməsi iqtisadi aktivliyi azaldır və bu, sonradan real ÜDM-yə də mənfi təsir edir.

Gəlirlərin yaranması hesabı üzrə ÜDM-ni formalaşdıran elementləri nəzərə alsaq, bura hökumətin istehsala və idxala tətbiq etdiyi vergi daxilolmaları, muzdlu işçilərin əmək haqqı gəlirləri, sahibkarların mənfəəti və mülkiyyətdən gəlirləri daxildir. Bir sözlə, hökumətin büdcə gəlirlərinin, insanların maaşlarının və biznesin mənfəət və gəlirlərinin cari həcmi bilavasitə ÜDM-nin nominal həcmindən asılıdır. Bu baxımdan nominal ÜDM də mühüm göstəricidir.

ÜDM-nin nominal həcmi kiçildikdə dövlət büdcəsi də kiçilir. Çünki büdcə gəlirləri nominal qiymətlərdən tutulan vergi və rüsumlar hesabına formalaşır. Büdcə gəlirləri azaldıqda dövlətin investisiya xərcləri kiçilir ki, bu da iqtisadiyyatda inkişaf sürətinə azaldığı təsir edir.

Azərbaycan iqtisadiyyatı üçün dövlət büdcəsindən investisiya xərclərmələrinin böyük əhəmiyyəti var. Büdcədən aylılan investisiya xərcləri yüksək olduqda iqtisadiyyat canlanır, məşğulluq artır, əhalinin gəliri yüksəlir və ən nahəyəti tələb artır.

Nominal ÜDM-nin azalması ölkədə pul azlığını da yaradır. Bu amil isə öz növbəsində iqtisadi aktivlik üçün böyük önəm kəsb edən hədəflənən inflyasiyaya çatmağı çətinləşdirir. Pul azlığı zərərli olsa da xarici valyutaya tələbin azalması baxımından əhəmiyyətli olur. Belə ki, manat qıtlığı dollar alışını zəifləyir.

Nominal ÜDM-nin aşağı düşməsi sahibkarlar, şirkətlər üçün əhəmiyyətli problemə çevrilə bilər. Əgər ÜDM nominal baxlımdan uzun müddət azalarsa, bu, iş dünyasının satış gəlirini azaldır. Bu zaman sahibkarların xərcləri də eyni nisbətdə azalarsa, onlar üçün ciddi problem yaranmır. Ancaq əks təqdirdə nominal kiçilmə sahibkarların dövriyyəsinə, sonda isə gəlirlərin azalmasına səbəb olur ki, bu da sahibkarların iflasına gətirib çıxara bilər.

Sahibkarların vəziyyəti əhalinin məşğulluğuna birbaşa təsir edir. Yəni, sahibkarlıq subyektləri öz fəaliyyətini dayandırmasa belə gəlirin azalması müəyyən ixtisarların həyata keçirilməsi zərurətini yaradır. Biz son bir ildə bunu ölkəmizdə də görürük. Buna görə də nominal ÜDM-nin azalması iqtisadiyyatda məşğulluğun da azalmasına səbəb olur.

Beləliklə, əgər ÜDM-nin nominal həcmində azalma 2021-ci ildə dayanarsa, onun iqtisadiyyatda mənfi təsirləri tezliklə aradan qalxacaq. Əks halda, daha bir il nominal həcmin kiçilməsi iqtisadiyyatda ciddi fiskal və monetar problemlər yarada biləcək.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR