Logo

Əmanətçilər əmanətlərin tam sığortalanmasını istəyir - ŞƏRH

Əmanətçilər əmanətlərin tam sığortalanmasını istəyir - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2020-ci ilin dekabrın 4-də "Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiq müddəti başa çatacaq. Qaydalara əsasən qanunun tətbiq müddəti uzadılmasa, əmanətlərin qorunması "Əmanətlərin sığortalanması haqqında” Qanunun şərtləri əsasında həyata keçiriləcək. "Əmanətlərin tam sığortalanması haqqında” Qanunun banklara sığortalı qoyulan əmanətlərin hamısının qorunmasını, yəni 100 faiz kompensasiya edilməsini nəzərdə tutur. "Əmanətlərin sığortalanması haqqında” Qanuna görə isə sığortalanan əmanətlərə hər bank üzrə maksimum 30 min manat kompensasiya verilə bilər.

Əmanətlərin qorunması imkanlarına görə "Əmanətlərin tam sığortalanması haqqında” Qanun daha əlverişlidir. Amma bankların mənafeyi və iqtisadiyyatın borc yükününü azaldılması nəzərə alınarsa "Əmanətlərin sığortalanması haqqında” Qanunun daha münasib olduğu iddia olunur.

Sfera.az bildirir ki, əmanətlər tam sığortalandıqda böyük vəsaitə sahib olan fiziki şəxslər öz vəsaitini yüksək faiz təklif edən bir banka yerləşdirmək imkanı qazanır. Əmanətlər tam sığortalanmadıqda isə bir banka 30 min manatdan çox vəsait yerləşdirmək riskli olur və buna görə də pulun sahibi qalan vəsaiti digər banklar arasında bölüşdürür.

Məsələn, təsəvvür edək ki, bir şəxs 500 min manat məbləğində əmanət yerləşdirmək istəyir. "Əmanətlərin sığortalanması haqqında” Qanun qüvvədə olduqda o, pulunun tam qorunması üçün vəsaiti 17 banka bərabər şəkildə yerləşdirməlidir. Bu halda bir banka 30 min manatdan az vəsait düşür və gələcəkdə banklardan hər hansı biri və ya bir neçəsi bağlandıqda pulun sahibi Əmanətlərin Sığortalanması Fondundan qısa müddətdə vəsaitini ala biləcək. Amma 500 min manatı 17 yox, məsələn, 10 banka eyni məbləğdə qoyarsa, hər bankın payına 50 min manat vəsait düşür və gələcəkdə banklar bağlandıqda pulun sahibi hər bank üzrə 30 min manatdan artıq olan vəsaitini qısa müddətdə gerə ala bilmir. O, bu vəsaitini Fonddan yox, bağlanan banklardan almalıdır. Əgər bankın maliyyə vəziyyəti acınacaqlıdırsa, o halda, həmin vəsaiti geri almaq mümkün olmur.

Əmanətçilər bir qayda olaraq çox bankla əməkdaşlıq etməyi sevmir. Adətən 2-3 bankla əməkdaşlığa, əmanət yerləşdirilməsinə üstünlük verilir. Əmanətlərin tam sığortalanması təminatı olmadıqda böyük vəsaiti olan fiziki şəxs məcbur qalıb daha çox banka əmanət yerləşdirməlidir. Lakin bankların sayı məhduddur və kompensasiya məbləği nəzərə alınarsa banklara ən çoxu 780 min manat əmanət qoyub, onun tam sığortalanmasını təmin etmək mümkündür. Çünki ölkəmizdə 26 bank var və həmin banklar bağlanarsa "Əmanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq 780 min məbləğində kompensasiya almaq imkanı mövcuddur. Daha böyük məbləğdə olan vəsaitin sahibi risklərdən qaçmaq üçün pulunu başqa sahələrə yönəltməlidir.

Əlbəttə, bu mülahizə nəzəri cəhətdən rəli sürülüb. Böyük vəsaiti olanlar heç də bütün banklara əmanət yerləşdirmək istəmir. Onlar ən yaxşı halda 3-4 banka pul qoymaq istəyir. "Əmanətlərin tam sığortalanması haqqında” Qanun tətbiq edildikdə şəxs bütün vəsaitini qorxmadan 3-4 banka yerləşdirir. Bu qanun olmadıqda böyük vəsait sahibləri digər sahələrə, xüsusən də daşınmaz əmlak sektoruna vəsait qoyur.

İddialara əsasən əmanətlərin tam sığortalanması banklara əmanət yerləşdirilməsini cəzbedici etsə də bundan yüksək faiz təklif edən banklar fayda götürür. Aşağı faiz təklif edən banklar isə əmanət cəlb edilməsində uduzur. Digər tərəfdən əmanət cəlb edilməsi üçün daha yüksək faizin təklif edilməsi kreditlər üzrə fazlərin yüksəlməsinə də səbəb olur. Bu faktorları nəzərə alaraq təklif edilir ki, "Əmanətlərin sığortalanması haqqında” Qanunun tətbiqi dayandırılsın və "Əmanətlərin sığortalanması haqqında” Qanun tətbiqinə keçilsin.

Bu iddialar nəzəri cəhətdən düz olsa da reallıqda özünü doğrultmur. Məlumatlar göstərir ki, hələ də aşağı faiz təklif edən iri banklar əmanətlərin çox hissəsiniə sahibdir, amma kredit faizlərində ciddi enmə yoxdur.

Buna görə yaxşı olardı ki, "Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiqi uzadılsın. Məlumatlara görə, əmanətlərin tam sığortalanması təcrübəsi davam etdiriləcək. Bununla bağlı qanun layihəsi hazırlanıb və yaxın günlərdə Milli Məclisə təqdim olunacaq. Bununla belə, qanunun qüvvədə olma müddətinin nə qədər artırılacağı hələ ki, açıqlanmır. Müddətin daha çox olması banklara əmanət qoyuluşunu artıra bilər.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR