Logo

Azərbaycandan Rusiyaya pomidor ixracı azalacaq

Azərbaycandan Rusiyaya pomidor ixracı azalacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın "Rosselxozbank"ın Sənaye Ekspertiza Mərkəzi proqnozlaşdırır ki, növbəti 5 ildə idxal olunan tərəvəzin payı 16%-dən 10%-ə enəcək. Mərkəzin analitiklərinin fikrincə, 2025-ci ildə pomidor idxalı 347 min tona, xiyar idxalı 36 min tona qədər azalacaq. 2019-cu ildə Rusiyaya 558 min ton pomidor və 100 min ton xiyar idxal edilmişdi.

Rusiyaya idxalda gözlənilən azalmanın əsas səbəbi kimi istixana məhsullarının istehsalının artması göstərilir. Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, 2020-ci ildə istixana tərəvəzlərinin istehsalı 6,1% artaraq illik müqayisədə 1,25 milyon tona çatacaq ki, bu da rekord göstərici olacaq. "Rosselxozbank"ın Sənaye Ekspertiza Mərkəzi istixana komplekslərinin yerli operatorlarının istehsalını ildə orta hesabla 7% artırmağa davam edəcəyini gözləyir.

Proqnozlaşdırılır ki, Rusiyada təzə tərəvəz istehlakı ildə təxminən 1% artacaq və 2028-ci ilədək adambaşına 115 kq-a çatacaq. Bu gün adambaşına istehlak 109 kq-dır.

Sfera.az bildirir ki, Rusiya pomidor, xiyar və ya digər tərəvəzlərin idxalını azaldarsa, bu, Azərbaycanın tərəvəz ixracına mənfi təsir göstərəcək. Çünki Azərbaycanın tərəvəz ixracında Rusiyanın payı olduqca yüksəkdir. 2019-cu ildə ölkəmiz 243,2 milyon dollar dəyərində 288 min ton tərəvəz ixrac edib. İxrac edilən tərəvəzin dəyər ifadəsində 96,5 faizi (235 milyn dollar), miqdar ifadəsində isə 89,6 faizi (258 min ton) Rusiyaya satılıb. Deməli, Azərbaycanın tərəvəz ixracı dedikdə dolyası ilə Rusiya tərəvəz ixracı nəzərdə tutulur.

Azərbaycanın Rusiyaya tərəvəz ixracında ən böyük paya pomidor ixracı sahibdir. 2019-cu ildə Rusiya Azərbaycandan 188,6 milyon dolları dəyərində 172,8 min ton pomidor alıb. Ötən il ölkəmizdən cəmi 189,2 milyon dollar dəyərində 174,5 min ton pomidor satılıb. Rusiya bunun 99 faizini alıb.

Rusiyanın pomidor idxalında Azərbaycanın payı 31 faiz təşkil edib. Riyazi məntiqlə yaxın 5 ildə Rusiyanın pomidor idxalını 200 min tondan artıq azaldılmasından ən çox zərəri görən ölkələrdən biri Azərbaycan olacaq.

Lakin pomidor idxalındakı kəskin azalmanın Azərbaycana ciddi təsirinin olmaması da mümkündür. Çünki Rusiyada Azərbaycan pomidoru ən yüksək keyfiyyətə malik və daha çox tələb olunan pomidor kimi tanınır. Sovetlər dönəmindən qazanılan yaxşı imic Azərbaycana Rusiyada asanlıqla pomidor satışını həyata keçirməyə imkan verir. Bu imicdən bəzi hallarda digər pomidor ixracatçıları da istifadə edir. Həmin ölkələr Rusiyada daha çox pomidor satışına nail olmaq üçün öz məhsullarını "Azərbaycan pomidoru” adı altında təqdim edirlər. Buna görə də yaxın 5 ildə Rusiyaya pomidor idxalında azalmanın olması daha çox digər ixracatçı ölkələrin payındakı azalma hesabına təmin edilə bilər. Lakin Rusiyanın pomidor idxalını azaltması istənilən halda Azərbaycanın ixracına mənfi təsir edəcək, ölkəmizin Rusiyaya daha çox məhsul satmaq imkanları məhdudlaşacaq.

2019-cu ilin məlumatına əsasən, Azərbaycan Rusiyaya pomidordan başqa kartof (55,8 min ton), baş soğan (10,7 min ton), yerkökü (2,08 min ton), xiyar (6,9 min ton), kələm (1,06 min ton) satıb.

Statistikaya əsasən, ölkəmizdən ixrac edilən xiyarın hamısını Rusiya alır. Xiyar ixracında miqdar yüksək deyil və buna görə də buradakı müəyyən qədər azalma ciddi problem yarada bilməz.

Sadalanan məlumatlar göstərir ki, Azərbaycanın tərəvəz ixracında Rusiya bazarından asılılıq çox yüksəkdir. Bu vəziyyət ürəkaçan deyil və hər zaman Azərbaycan istehsalçısı, ixracatçısı üçün böyük risklər yaradır. Azərbaycan ixracatçıları hökmən xarici bazarların şaxələndirilməsi haqqında düşünməlidir. Ölkəmizdən Rusiya ilə yanaşı digər ölkələrin bazarlarına da məhsul çıxartmaq imkanları təhlil edilməli, hökumətlə müzakirələr aparmaqla digər ölkələrə ixraca maneə yaradan səbəblər aradan qaldırılmalıdır.

Meyvə ixracında buna tədricən nail olunur. Meyvə ixracında da Rusiyanın payı 50 faizdən çoxdur. Amma Azərbaycan istehsalçısı Rusiya ilə yanaşı Avropa Birliyi ölkələrinə, Yaxın Şərq ölkələrinə meyvə ixrac edə bilir. Bazarın şaxələndirilməsi tərəvəz ixracında Rusiya bazarından asılılığı müəyyən qədər azaltmağa imkan verər.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR