Qarabağın turizm imkanları; region qoruqlarla, mineral su ehtiyatları ilə zəngindir
İşğal altında olmuş ərazilərin təbii-iqlim şəraiti, təbii resursları, burada mövcud olan qoruqlar Qarabağ zonasında turizmin inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradır. Ərazinin kurort-rekreasiya potensialı genişdir. Regionla bağlı məlumatların təhlili göstərir ki, xüsusən Qarabağın dağlıq hissəsində sağlamlıq, ekskursiya, kənd, ekoturizm və digər turizm növlətinin inkişafı mümkündür.
Regionda bir neçə qoruq və yasaqlıqlar mövcud olub. Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Şuşa rayonunda olmuş qoruq və yasaqlıqlar daim insanların diqqətini cəlb edib.
Sfera.az bildirir ki, Zəngilan rayonunda 1974-cü ildə Bəsitçay Dövlət Qoruğu yaradılmışdı. Qoruq Azərbaycanın cənub-qərbində, Bəsitçayın dərəsində yerləşirdi. Qoruq ərazinin landşaft kompleksini, xüsusi ilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. Onun sahəsi hazırda 107 ha təşkil edir. Ərazinin 79,4%-ni meşə ilə örtülü sahə 14%-ni seyrək meşəlik təşkil edir. Meşəsiz sahələr isə 6,5%-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.
Bəsitçay Dövlət Qoruğunun sahəsinin 100 hektarını çinar meşələri tutur. Qarışıq çinarlıqlar da vardır. Qoruqdakı çinar ağaclarının orta yaşı 170 il, bəzi ağacların orta yaşı isə 1200-1500 ilə çatır.
Laçın rayonunda 1987-ci ildə Qaragöl Dövlət Qoruğu yaradılıb. Qoruq Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir. Qoruğun ümumi sahəsi 240 ha-dır, bura 176 ha işıqlı Qaragölün su akvatoriyası və gölün sahil boyunca 100 metr enində 64 ha sahə aiddir.
İşıqlı Qaragölü sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir. Stratiqrafik cəhətdən Qaragöl rayonu yuxarı pliosen yaşlı suxurlar içərisindədir. Göl oktyabr ayının ikinci yarısından aprelin axırlarına kimi donmuş olur. Gölə heç bir yerdən su axımının olmamasına və suyun çox təmiz və şəfalı olmasına görə xalq bu gölə müqəddəs ibadət yeri kimi baxırdı.
Laçın rayonunda 1961-ci ildə Laçın Dövlət Yasaqlığı da yaradılıb. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaqdır.
Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşıb. Laçın dövlət yasaqlığının sahəsi 21,4 min hektardır, bu da respublika ərazisinin 0,25%-i, respublika yasaqlıqlarının isə 8,8%-i təşkil edir. Həmin sahənin 7369 ha və ya 34,5%-i meşə sahəsi, 1448 ha və ya 6,8%-i alp çəmənliyi, 7400 ha və ya 34,8%-i subalp çəmənliyi, 4257 ha və ya 20%-i otlaqlar, 862 ha və ya 4%-i qayalar və uçqunlar, 34 ha xüsusi təyinatlı torpaqlardır.
Qubadlı rayonunun ərazisində Qubadlı Dövlət Yasaqlığı mövcud olub. Bu yasaqlıq sonradan Bəşitçay Dövlət Qoruğuna tabe olmaqla Qubadlı və Laçın rayonlarının ərazisində geniş sahəni əhatə edib. Yasaqlıq Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsini əhatə edir, dağ-bozqır sahələrdən ibarətdir. Bu yasaqlığın yaradılmasında məqsəd həmin ərazilərin heyvanlar aləmini, xüsusilə buradakı, cüyür, çöl donuzu, qırqovul və s. heyvan və quşları qorumaqdır. Qubadlı yasaqlığının sahəsi 20 min hektar olub respublika yasaqlığının 8,2%-ni təşkil edir. Təbii landşaft salərindən burada seyrək meşəlik, kolluqlar və meşə altından çıxıb bozqırlaşmış sahələr səciyyəlidir.
Zəngilan rayonunun İranla sərhəd olan Araz çayı sahilində 1993-cü ilin iyun ayında Arazboyu Yasaqlıq yaradılıb. Uzunluğu 50 km, eni 50-100 metr bəzi yerlərdə isə 200-250 m, məsafəni əhatə edən bu yasaqlıq 5 min hektardır. Yasaqlığın yaradılmasında əsas məqsəd burada olan fauna və floranın qorunmasıdır. Bura yayı isti, qışı mülayim olan iqlimə malikdir.
Şuşa rayonunda yaradılan Daşaltı Yasaqlığı da əhəmiyyətlidir. Şuşa və Xocalı rayonlarının ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən Daşaltı yasaqlığı 450 hektar ərazini əhatə edir.
Qarabağın dağlıq hissəsinin digər mühüm xüsusiyyəti buraların böyük müalicə əhəmiyyəti olan mineral su yataqları ilə zəngin olmasıdır. Burada 120-dək müxtəlif tərkibli mineral su yataqları var. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər.
Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.
İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşir. Turşsu vasitəsi ilə müxtəlif daxili xəstəliklər müalicə olunur, kəmər vasitəsi ilə Şuşa şəhərinə su verilir. Turşsu və İsa bulağı əsrlər boyu Qarabağın poeziya və musiqi məclislərinin qurulduğu yerlər olmuşdur.
Onu qeyd etmək lazımdır ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i işğal altında olan rayonların payına düşür.
Vasif






