Neftin ucuzlaşması üçüncü həftəyə keçir – Şərh
Azərbaycan üçün son günlərin əsas iqtisadi hadisələrindən biri də neft qiymətlərinin enməsi ilə bağlıdır. Oktyabrın ikinci yarısından etibarən neft qiymətləri aşağı yönlü dinamika izləyir və demək olar ki, hər gün "qara qızıl” bir qədər də dəyərsizləşir. Oktyabrın 14-də "Brent” neftinin qiyməti 43,5 dollar olduğu halda, ayın sonunda 40 dollardan aşağı düşüb. Noyabrın ilk günlərində də neft ucuzlaşır. Bu gün birjalar açılanda "Brent” neftinin qiyməti hətta 36 dollardan da aşağı düşdü. Hazırda qiymət 36-37 dollar intervalında dəyişir.
Sfera.az bildirir ki, dünyada neft qiymətlərinin enməsi Azərbaycanın ixrac etdiyi "Azeri Light” markalı neftin də dəyərinə mənfi təsir göstərir. Ötən həftənin sonuncu iş günündə Azərbaycan neftinin qiyməti 37,65 dollar olub. Həmin gündə "Brent” neftinin dəyəri 37,8 dollar idi. Ehtimal ki, noyabrın ilk iş günündə "Azeri Light” bir qədər də ucuzlaşacaq.
Neft qiymətlərinin yenidən emnəsi ABŞ və Avropada koronavirusa yoluxanların sayının artması ilə əlaqədardır. Birjalar virusun yayılma səviyyəsini nəzərə alaraq hökumətlərin yenidən sərt karantin rejimini tətbiq edəcəyi, buna görə avtomobil və aviasiya sektorlarının yanacaq tələbinin azalacağını proqnozlaşdırır. Bununla bərabər ABŞ və Liviyada artan istehsal da təklif artıqlığı yarada biləcəyinə dair narahatlıqları yüksəldib. Beləliklə, pandemiya neft qiymətlərinin yenidən düşməsini şərtləndirir və bu hal neft ixrac edən ölkələrin valyuta gəlirlərinə mənfi təsiri artıracaq.
Beynəlxalq Enerji Agentliyinin (IEA) oktyabrda açıqladığı aylıq hesabatı göstərir ki, pandemiya şəraitində qlobal xam neft tələbatının bərpa prosesi üçün ən az 3 il vaxt lazım gələcək. Əgər bədbin proqnozlarda olduğu kimi pandemiya daha uzun müddət davam edərsə, neft tələbatının Covid-19-dan əvvəlki səviyyəyə qayıtması 2027-ci ildə mümkün olacaq.
Bildirilir ki, cari ildə qlobal enerji tələbatı 5 faiz azalacaq, neft tələbatındakı geriləmə isə 8 faizə çatacaq. Yeni növ koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün ölkələr tərəfindən tətbiq olunan səyahət məhdudiyyətləri, xüsusilə müxtəlif karantin qaydaları tələbatın azalmasında təsirli olacaq. Keçən il gündəlik təxminən 98 milyon barrel olan qlobal neft tələbatı bu ilin sonuna qədər sutkada 89,6 milyon barrelə düşəcək.
Əgər Covid-19 epidemiyası 2021-ci ildə nəzarət altına alınarsa, həmin il qlobal neft tələbatı gündəlik 94,5 milyon barrelə yüksələcək. Neft tələbatının Covid-19-dan əvvəlki səviyyəyə qayıtması isə yalnız 2023-cü ildə baş verəcək və bu dövrdə sutkalıq tələbat 98 milyon barrelə qədər artacaq.
Neft tələbatı 2025-ci ildə sutkada 100 milyon barrelə, 2030-cu ildə 103,2 milyon barrelə çatacaq, lakin bu göstərici 2040-cı ilədək sabit şəkildə qalacaq. 2040-cı ildə qlobal neft tələbatının gündəlik 104 milyon barrelə çatacağı gözlənilir.
Digər tərəfdən, epidemiyanın nəzarət altına alınması daha uzun vaxt çəkərsə və iqtisadi bərpa prosesi 2023-cü ilə qalarsa, o zaman qlobal neft tələbatı yalnız 2027-ci ildə gündəlik 98 milyon barrel səviyyəsinə çataraq Covid-19-dan əvvəlki səviyyəyə qayıdacaq. Bu ssenari üzrə qlobal neft tələbatı 2040-cı ildə sutkada 99,7 milyon barrelə yüksələcək.
Tələbata təsir edəcək bir çox amil var. Covid-19-dan sonrakı dövrdə avtomobil satışlarındakı yavaşlama, beynəlxalq daşımalarda avtomobil nəqliyyatının azalması, elektrikli nəqliyyatın geniş yayılması, enerji istehlakı üzrə vərdişlərdəki dəyişiklik, səyahətlərdəki azalma və videokonfranslarla iclasların keçirilməsindəki artım, hava yolundan istifadəsinin azalması, zəif iqtisadi böyümə səbəbindən neft-kimya sektorundakı azalma və enerji səmərəliliyi investisiyalarının artması neft tələbatının aşağı səviyyələrdə qalmasında təsirli olacaq.
İctimai nəqliyyat vasitələrindən istifadədəki istəksizlik, SUV model avtomobillərin satışlarında artım tempinin davam etməsi, aşağı neft qiymətləri, emissiyaların azaldılmasına dair müraciət və qərarların təxirə salınması, birdəfəlik istifadə edilən plastik və qablaşdırma materiallarının istifadəsindəki artım isə neftə olan tələbatda əhəmiyyətli rol oynayacaq.
Azərbaycan üçün önəmli olan məsələ neftin qiymətinin nə qədər enməsi deyil. Önəmli olan məsələ aşağı qiymətlərin nə qədər davam etməsidir. Əgər indiki qiymətlərlə neft satışı bir neçə ay davam edərsə, bu, ölkəmiz üçün ciddi problem yaratmaz. Amma aşağı qiymətlər bir il və daha çox davam edərsə, o halda çox böyük maliyyə itkiləri ilə üzləşəcəyik.
Vasif






