BTQ ilə hərəkət edən 82 konteynerdən ibarət qatar Bakıya çatıb
Blok qatardakı 20 konteynerin son təyinat məntəqəsi Azərbaycandır. Konteynerlərdən 30-u Ələt limanından gəmilərlə Türkmənbaşı, 24-ü Aktau, 8-i isə Kurık limanlarına çatdırılacaq.
Bu qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyə qədər hərəkət edən ən uzun qatardır. Qatarın Türkiyədən Özbəkistana qədər məsafəni 9 günə qət edəcəyi gözlənilir.
Daşımanın Azərbaycan, Türkmənistan və Özbəkistan üzərindən operatoru "ADY Konteyner” şirkətidir.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə açılıb. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür.






