Azərbaycanda benzin ucuzlaşacaq? - Tarif Şurasından CAVAB
Bəs, əsas neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bununla bağlı hansısa dəyişiklik gözlənilir?
Azərbaycan Dövlət Neft Şirkəti (ARDŞ) SOCAR-ın İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumlar arasında daim məşvərətlər aparılır:
"Amma qeyd edilən mövzu ilə bağlı hansısa məlumat yoxdur”.
Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də öz növbəsində Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda benzinin qiymətinin aşağı salınması müzakirə mövzusu deyil:
"Neftin qiymətinin ucuzlaşması ilə bağlı benzinin qiymətinin ucuzlaşdırılması üçün SOCAR Tarif Şurasına müraciət etməyib”.
Hələ 2015-ci il hadisələrindən sonra Tarif Şurası dünya bazarlarında duruma rəğmən ölkədə benzinin ucuzlaşması üçün əsas olmadığını, Azərbaycanda istehlak edilən benzinin 95 faizindən çoxunun tam olaraq ölkə daxilində istehsal edilən Aİ-92 markalı yanacaq olmasından irəli gəldiyini açıqlamışdı.
Qeyd olunurdu ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla Aİ-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclərin (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməməsilə əlaqədardır:
"Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə etmirik. Azərbaycana idxal edilən "Premium Evro-95" markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurası bu markanın qiymətini tənzimləmir”.
Qeyd edək ki, dünya birjalarında bazar ertəsindəki düşüşdən sonra bu gün Brent markalı neftin 1 bareli 38,66 dollar, WTI markalı neftin 1 bareli 35,41 dollardır.
Məlumat üçün bildirək ki, hazırda Honq Konqda benzinin 1 litri 2,23 dollar, Monakoda 1.96 dollar, Yunanıstanda 1,78 dollar, İtaliyada 1,73 dollar, Fransada 1,62 dollar, Almaniyada 1,54 dollar, İspaniyada 1,44 dollar, Türkiyədə 10,9 dollar, Çində 0,98 dollar, Gürcüstanda , 0.90 dollar, Rusiyada 0.63 dollar, Birləşmiş Ərəb Əmirliklərində 0.56 dollar, Azərbaycanda 0.47 dollardır.
iqtasidiyyat.az






