“İlk üçlükdə olmağı hədəfləyirik” - “BANK OF BAKU”NUN SƏDRİLƏ MÜSAHİBƏ

“İlk üçlükdə olmağı hədəfləyirik” - “BANK OF BAKU”NUN SƏDRİLƏ MÜSAHİBƏ
 "Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri Eldar Həmidovun "Marja”ya müsahibəsi.
 

- 2019-cu ilin 9 ayının nəticələrinə görə, "Bank of Baku”nun gəlirləri artıb, kapitalını xeyli bərpa edib. 2019-cu ili Bankınız baxımından necə qiymətləndirərdiniz?

 

2019-cu ilin maliyyə nəticələrini "Bank of Baku” üçün cox müsbət qiymətləndiririk. Keçmiş bir neçə il Bank üçün sınaqla zəngin illər oldu və əsas fəaliyyətini problemli kreditlərin həlli istiqamətində cəmləyən bankımız, xüsusilə də 2019-cu il ərzində ayrı-ayrı bank fəaliyyəti növlərinin genişləndirilməsi və bazardakı mövqeyinin bərpa olunması istiqamətində də müəyyən addımlar atdı. Çətinliklərə baxmayaraq, həmin müddət ərzində Bank müştəri məmnuniyyəti və loyallığı, yüksək komanda ruhunu və öz brendinin nüfuzunu qoruyub saxlaya bildi. Cənab Prezidentin, fiziki şəxslərin maddi rifahının daha da yüksəldilməsinə xidmət edən, 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” çox mühüm tarixi əhəmiyyətli Fərmanı (bundan sonra "Fərman”) ilk növbədə əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş əsas kredit borclarının ödənilməsini və kredit borclarının restrukturizasiyasını nəzərdə tutsa da, orada təsbit olunan tədbirlərin həyata keçirilməsi eyni zamanda, bankların maliyyə sağlamlaşmasının təmin edilməsinə də mühüm töhfəsini verdi.

 

Fərmanın icrası çərcivəsində 50 min müştərinin 53,3 milyon manat problemli kreditləri dövlət büdcəsi hesabına ödənildi, 72 min müştəriyə məzənnə fərqinə görə 49,9 milyon manat məbləğində kompensasiya ödənişi həyata keçirildi və 40 min müştərinin 84,4 milyon məbləğində kreditləri restrukturizasiya olundu. Kompensasiya hesabına kredit borcu ödənilən və restrukturizasiya olunan 93,3 min sayda müştərinin Bank tərəfindən 51,0 milyon manat məbləğində faiz və cərimə borcu bağışlanmışdır. Hazırda Bankın kapitalı 55,6 milyon manat, kapital adekavatlığı əmsalı 22.7%-dir, kapitalın gəlirliliyi isə 37% təşkil edir.

 

-22 Noyabr 2019-cu il tarixində "Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirildi. Yığıncaqda Bankın gələcək inkişafı üçün hansı qərarlar qəbul edilib?

 

Yığıncaqda qəbul edilən əsas qərarlardan biri kimi Bankın növbəti illər üçün strateji planının təsdiq edilməsini qeyd etmək olar. Bankın növbəti illər üçün əsas hədəfi ənənəvi kredit və depozit məhsulları çeşidinin artırılması, mobil applikasiya imkanlarının genişləndirilməsi və Bankın informasiya texnologiyaları infrastrukturunun təhlükəsizliyinin təmin edilməsidir. 2019-cu ildə olduğu kimi, növbəti illərdə də, Bankın, gəlirlilik və aktivlərinin effektiv istifadəsinə görə Banklar arasında ilk üçlükdə olmasını hədəfləmişik. Müştərilərin 24/7 fasiləsiz xidmətini təmin etmək üçün əsas bank proqramının yenilənməsi əsas tapşırıqlarımızdan biridir. Filial şəbəkəsinin optimal yerləşdirilməsi və yeni regional filialların açılması da prioritet planlarımız sırasındadır.

 

Təbii ki, hər bir bank sahibinin və banka əmanətini etibar edən şəxsin istəyi bankın sağlam və şəffav idarəedilməsidir. Keçmişdə qarşılaşdığımız risklərin təkrarlanmaması və qarşımıza qoyulan hədəflərə nail olunmasında risk iştahasının düzgün müəyyən edilməsi məqsədi ilə risk siyasətimizi yeniləyəcəyik.

 

İnsan resurslarının inkişaf etdirilməsi istənilən təşkilatın uğurunun təməli olduğu üçün, 2020-ci və növbəti illərdə bu istiqamətdə motivasiya, karyera artımı və təlim-tədris planının icrasına hazırlaşırıq.

 

-Hazırda kredit portfelinizin 40%-ə yaxınını biznes kreditləri təşkil edir. İstehlak ilə bərabər biznes kreditlərinin artırılması üzrə hansı planlarınız mövcuddur?

 

"Bank of Baku"nun  istehlak və mikrokredit profilli bank olmasına baxmayaraq, növbəti illər üçün nəzərdə tutulmuş strateji planda kiçik və orta sahibkarlıq (bundan sonra "KOS”) subyektlərinə verilən kredit portfelinin artırılması nəzərdə tutulmuşdur. Bankın bu sahəni kreditləşdirilməsi üçün tələb olunan kadr potensialı və maliyyə resursları mövcuddur və bizim risklərin idarəedilməsi sistemi bu istiqaməti inkişaf etdirməyə imkan verir.

 

Bildiyiniz kimi, banklar izafi likvidliyin yerləşdirilməsində çətinlik çəkir və nəticədə rəqabət intensivləşir. Bunun da məntiqi nəticəsi olaraq, son ildə KOS subyektlərinə verilən kreditlərin faizləri təxminən 19%-dən 14%-ə qədər enmişdir. Sahibkar bundan faydalansa da, kredit faizlərinin azalması bank spredinin daralması ilə nəticələnir və bank kredit risklərini düzgün qiymətləndirilməsini təmin etməlidir. Əks halda, bankın mənfəətliyi və kapital "yastığı”stress testə davam gətirməyə bilər. 

 

-Biznes kreditləri, o cümlədən, mikro kredit bazarında rəqabət yüksəkdir. Sizin şərtləriniz mikro, kiçik və orta biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün nə qədər cəlbedicidir?

 

Ümumi müşahidə göstərir ki, mikro və KOS kreditləri verən bankların kredit şərtləri demək olar ki eynidir. Bizim bankı rəqiblərdən fərqləndirən əsas məqamlar xidmətin keyfiyyəti, çevikliyimiz və məhsul müxtəlifliyidir. Hazırda buraya avtomobil, avadanlıq, dövriyyə vəsaitlərinin alınması məqsədləri üçün verilən, daşınar və daşınmaz əmlaklarla, habelə sadəcə zaminliklə təmin olunmuş, və təminatsız kreditlər daxildir. 2016-cı ildə sahibkarların istifadəsinə verdiyimiz İşkartın unikal imkanlarından hazırda 10 minə yaxın sahibkar istifadə edir və rahat funksionallığından faydalanır. E-banking xidmətimiz də öz növbəsində bazarda müştəri istəklərini lazımınca qarşılamaq iqtidarındadır.

 

Bank of Bakunun KOS subyektləri üçün nəzərdə tutulan kreditlərinə, manatla 48 aya qədər, 14% dən başlayaraq, 70,000 manata qədər mikrokreditlər və 2,000,000 manata qədər sahibkarlıq kreditləri daxildir. İxracatla və ya xarici valyutada kredit götürmək istəyən müştərilərimizə isə ABŞ dollarında 5-10%-lik intervalda kreditlər verilir. Müştərilərimizin ehtiyacını nəzərə alaraq, əlavə hüquqi və digər məsləhət xidmətlərinin göstərilməsini planlayırıq.

- "Bolkart” bazarda ən geniş istifadə edilən kartlardan biridir. Digər tərəfdən, rəqiblər yerində dayanmırlar, bazara yeni kart məhsullarının təqdim edirlər.  Bu sahədə  yeni həmlələriniz nəzərdə tutulur?

 

Düzgün qeyd edirsiniz ki, Bolkart taksit kartı bazarda populyarlığını daim saxlayan və artan rəqabətə baxmayaraq, hələ də sayı və dövriyyəsinə görə ilk sıralarada olan kart məhsuludur. Dəyərli müştərilərinin istək və arzularını nəzərə alaraq, Bank of Baku 2018-ci il ərzində Bolkarta yeni xüsusiyyətləri əlavə etdi. Artıq Bolkart kredit kartından, 40 günə qədər faiz ödənilmədən, bol-bol istifadə etmək olar. Müştərilərə kartın qalığının 50%-ə qədər hissəsinin rahat nağdlaşdırılması imkanı yaradılmışdır. Bundan başqa, partnyor şəbəkəmizdən istifadə etdiyiniz halda, 45%-dək cashback imkanından yararlanmaq mümkündür. 2020-ci ilin ilk aylarında karta təmassız funksiyası əlavə ediləcəkdir. 2020-ci ilin sonuna kartımıza NFC texnologiyasını da əlavə etməklə, onunla fiziki olaraq kart olmadan, tək mobil telefon vasitəsilə ödəniş imkanını nəzərdə tutmuşuq.

 

- Banklar texnologiyaya investisiyalarını artırırlar. "Bank of Baku” rəqəmsal bankçılıq üzrə hansı işləri görməkdədir?

 

2019-cu il ərzində Bank of Baku informasiya texnologiyaları infrastrukturuna bir milyon manatdan çox məbləğdə investisiya etdi. 2020-ci ildə IT sahəsinə əlavə vəsaitin investisiya edilməsi də nəzərdə tutulub. Buraya həm Bankın əsas bank proqramının 24/7 iş rejiminə keçidinin təmin olunması, həm də beynəlxalq kart prosesinqi olan bankların təhlükəsizlik standartlarına cavab verilməsi üçün PCİ DSS sertifikatının alınması daxildir. Bundan əlavə, Bank mobil applikasiyası olan DostBankı 2020-ci ildə istifadəçilər üçün tam yeni formatda təqdim edəcəkdir. DostBankla rahat kartlararası əməliyyatları, digər yerli bankların, hətta beynəlxalq bankların kartlarına köçürmələri, hesabdakı əməliyyatları nəzarətdə saxlamaq, istənilən növ kommunal ödənişləri etmək, kart itirildiyi halda onu bloklamaq və digər növ əməliyyatları icra etmək mümkündür. Debet kartla edilən istənilən nağdsız əməliyyata görə 45%-dək qazandığınız bonus məbləğını DostBank vasitəsilə kommunal və digər ödənişlərə yönləndirə bilərsiniz. Növbəti ildə mobil telefonla təmassız ödənişlərin təmin olunması məqsədilə Mastercard və Visa beynəlxalq ödəniş sistemlərinin sertifikatlaşdırılmasından keçməyi prioritet vəzifələrdən biri kimi müəyyən etmişik. 

 

-Müştərilər yaxınlarda "Bank of Baku”dan daha hansı yenikləri gözləyə bilərlər?

 

2020-ci ildə əsas hədəflərimizdən biri kimi həm də, müştərilərimizə növbədə gözləmədən, tez və keyfiyyətli xidmətin göstərilməsi çıxış edir. Zamanın tələbinə uyğun mobil cihazlarla kontaktsız ödəniş imkanının yaradılması da növbəti ildə həyata keçirilməsi planlaşdırılan əsas hədəflərimizdən biridir. Cash-in terminallarımızda özünə xidmət menyusunun yaradılması müştərilərimizi mənun edəcəkdir. Kredit və depozit ehtiyaclarının mobil applikasiya vasitəsi ilə həyata keçirilməsi və həmçinin, sürətli pul köçürmələrinin Banka gəlmədən icrası da müştərilərimizin istəyinə uyğun şəkildə təmin ediləcəkdir.

 

-Müsahibə üçün təşəkkür edirik.



OXŞAR XƏBƏRLƏR