İrlandiyalı futbolçu: “Azərbaycan yığmasını ciddi qəbul etməliyik”
"Azərbaycanla oyunda iştirak etsəm, şad olaram. Meydana çıxmağa hazıram”.
Bu sözləri Şimali İrlandiya yığmasının üzvü Şey Makkartan deyib.
Ölkəsinin mətbuatına danışan 23 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək matç haqda fikirlərini bildirib.
Yeni Zelandiya ilə yoxlama görüşündə millidə debüt edən Makkartan Bakıda da meydana çıxmağa hazır olduğunu bildirib. "Akkrtinqton Stenli” klubunun hücumçusu qələbəni hədəflədiklərini qeyd edib: "Qrupda ikinci pillədə qərarlaşmışıq və yerimizi heç kimə təhvil vermək istəmirik. Bu pillədə möhkəmlənmək lazımdı. Buna görə də, Azərbaycanla görüş bizim üçün vacibdi. Bilirik ki, rəqib asanlıqla təslim olmayacaq. Azərbaycan yığmasını ciddi qəbul etməliyik. Bakıda isti havada oynamaq bizim üçün çətin olacaq. Yaxşı ki, görüşə Türkiyədə hazırlaşırıq. Bu, hava şəraitinə uyğunlaşmaq mənasında bizə kömək edir”.
Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı iyunun 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. (apa)
Sfera.az