Futbolçu haqqında sərt fikirlər səsləndirən jurnalist işdən çıxarıldı

Dünya Kubokunda Belçika Milli Komandasında çıxış edən Jeremy Doku, xəbər verdiyimiz kimi həyat yoldaşının doğuşuna görə düşərgədən ayrılmışdı. O, qısa müddətlik məzuniyyətdən sonra ABŞ-a qayıdacaq.
Sfera.az bildirir ki, Fransız jurnalist France Pierronun Doku ilə bağlı səsləndirdiyi fikirlər qalmaqal yaradıb. Belə ki, jurnalistin:
"Körpə onsuz da orada olacaq, hətta doğuşa getməsəniz belə" şərhləri tənqidlərə səbəb olub. Fransız qəzeti “L'Equipe” Jeremy Doku və ailəsindən üzr istədiyini və jurnalisti işdən çıxardığını açıqlayıb.
Belçika Milli Komandasının ulduzlarından biri olan Jeremy Doku, həyat yoldaşının doğuşuna görə düşərgəni tərk edərək Londona gedib.
“L'Équipe TV”də jurnalist France Pierron Dokunun təlim-məşq düşərgəsindən ayrılmasını şərh edərək: "Dünya Kubokunda oynamaq şansın var. Yüzlərlə futbolçu sizin yerinizdə olmaq üçün hər şeydən keçər. Bu fürsət həyatınızda bir daha üzə çıxmaya bilər... Və bütün bunları uşağın doğumunda iştirak etmək üçün tərk edəcəksən? Doğum atanın tamamilə faydasız olduğu dəhşətli bir andır. Atanın rolu sadəcə əlavə rol kimidir.
Əl-ələ tutub şəkil çəkdirirsiniz. Doğuşa getməsən belə, körpə onsuz da orada olacaq... uzun məsafələrə səyahət etmək üçün 10 saat itirəcək, emosional partlayış yaşayacaq və yorğun olacaqsan. Dünya Kubokunu qaçırmaq olmaz. Bəzi kişilər Dünya Kubokunu izləmək üçün kredit götürmüş, bəlkə də hər şeydən imtina etmiş ola bilərlər; sən isə hətta göbək bağını kəsmək üçün orada olmayacaqsan” kimi fikirlər səsləndirib.
Bu mübahisəli açıqlamalardan sonra Fransanın “L'Équipe” qəzeti Jeremy Doku və ailəsindən üzr istəyərək jurnalistin işinə xitam verib.
Belçika Futbol Federasiyası isə 24 yaşlı futbolçunun Sietlda komandaya qayıdacağını açıqlayıb.
Aynil
